“Xocalı hadisələri baş verəndə mənim 14 yaşım var idi. Uşaq idim, o qədər də fərqinə varmırdım ki, nələr baş verir?! Amma illər keçəndən sonra bu hadisələr mənə çox ağır təsir edir. Biz Qərbi Azərbaycandan Xocalıya pənah gətirmişik. Erməni zülmünü Xocalıdan əvvəl Qərbi Azərbaycanda yaşamışdıq. Ordan köçkün düşəndə böyük qardaşım Sərvər çayda boğuldu. Amma bilmirdik ki, bizi qarşıda bundan da ağır imtahanlar gözləyir”.
Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, əsirlik həyatı yaşayan Mürvət Məmmədov deyib.
O daha sonra çətinliklə də olsa 34 il əvvəlki illəri xatırlayıb:

“Xocalıda hadisələri cərəyan edəndə iki qardaşım və atam Xocalını müdafiə edirdilər. Çox ağır günlər idi. 4 aya yaxın Xocalı blokada şəraitində qaldı. Xocalılar son günə qədər özlərini erməni qarşısında sipər etdilər. Nə ərzaq var idi, nə su, nə də ki, istilik. Xocalılar həqiqətən də qəhrəman insanlar idi. Heç kim evindən çıxmırdı.. Yatsaydıq yuxumuza da girməzdi ki, Xocalını nə vaxtsa itirə bilərik. İki gün sakitlik oldu... Bu sakitlik də bizi narahat edirdi... Həmin gecə hücum etdilər... Qonşumuzda Vidadi adlı bir kişi var idi.. Yaralanmışdı, atamla qardaşlarım ona köməyə getdilər. Qayıdıb evə gəldilər. Qəfil evimiz atəşə tutuldu. Atamla qardaşlarım özlərini itirmədilər. Evimizə əl qumbarası atdılar. Anamla mən yaralandım, bəzi qonşularımız da dünyasını dəyişdi. Evimiz mühasirədə idi, bilirdik ki, bizi əsir götürəcəklər. Hər şeyi gözümüzə almışdıq. Benzin töküb bizi yandıracaqdılar, 3 yaşındakı qardaşım dedi ki, “öldürməyin məni, qurban olum”. Onun sözünə görə sağ qaldıq. Qızıl-zinət əşyalarımızı əlimizdən alıb, bizi döyə-döyə əsir götürdülər. Əsgərana gətirdilər. Atamla qardaşlarımı anamla məndən ayırdılar. Olmazın işgəncələri verdilər. Allahverdi Bağırovun köməyi ilə bizi bir muzdlu zənci döyüşçü ilə dəyişdilər. Amma atamla qardaşlarımın taleyi naməlum idi. Uzun illər gözümüz yolda qaldı. 15 il atamla qardaşlarımdan xəbər gözlədik. 2007-ci ildə efirdə gedən filmdən bəlli oldu ki, atamla qardaşlarımın başını erməni məzarı üstündə kəsiblər. Bu günə qədər onların məzarı yoxdur”.
Mürvət Məmmədov bildirib ki, bu gün arzuları gerçək olub və Xocalıda yaşayır.
“Bu gün Xocalının Təzəbinə kəndində ailəmlə, anamla, övladlarımla birlikdə yaşayıram. 34 ildən sonra orada yaşamaq, qardaşlarım və atamın ruhunu orada hiss etmək çətin olsa da qürurludur. Biz deyirdik ki, Xocalıya gedək, orada çadırda da yaşayardıq. Amma dövlətimiz bizə öz evimizdən də gözəl ev verib. Xocalıda həyat qaynayır, uşaqlar məktəbə gedir, insanlar bir-biri ilə mehriban dolanır. Əminəm ki, atamla qardaşlarımın ruhu da bu gün azad olunmuş Xocalıda pərvazlanır”, - deyə Xocalı sakini bildirib.