Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən Moderator.az-a bildirilib ki, tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpus, beynəlxalq təşkilatların təmsilçiləri, diaspor üzvləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
İştirakçılar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Xocalı soyqırımına həsr olunmuş fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Xocalı soyqırımının tarixi-siyasi və beynəlxalq hüquqi mahiyyəti barədə məlumat verib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı ağır və sistemli cinayət törədərək soyqırımı aktı gerçəkləşdirib.
Bildirilib ki, bu hadisə mahiyyət etibarilə insanlığa qarşı cinayət, kütləvi qətliam və soyqırımı aktı olmaqla, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
O həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıdığını və bir sıra ölkələrin bu soyqırıma siyasi-hüquqi qiymət verdiyini diqqətə çatdırıb.
Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.