Daha bir rayonda ehsan LƏĞV olundu – Bəs Bakıda?
96
08:56, Bu gün

Daha bir rayonda ehsan LƏĞV olundu – Bəs Bakıda?

Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv edilib.

Bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib.

Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb.

Bəs qadağa dalğası paytaxt Bakıya nə vaxt çatacaq? Buna ehsan biznesi quranlar əngəl olurmu?

İlahiyyatçılara görə, yas mərasimlərində ehsan vermək dini baxımdan vacib ola bilər, amma bu, ailələr və icmalar üçün əlavə maddi yük yaratmamalıdır. Onların fikrincə, mərasimlərin mahiyyəti insanların ruhani və mənəvi ehtiyacını ifadə etməkdir, qida və maddi sərvət toplamaq deyil.

Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ehsan məclislərinin ləğvi ilə bağlı o da vurğulanır ki, mərasimlər sadə və təvazökar olmalıdır. Bu, ailələrin maddi yükünü yüngülləşdirir və sosial bərabərliyi qoruyur. Cəmiyyətdə nüfuzu olan şəxslər, tanınmış insanlar və icma liderləri yas mərasimlərini sadə formada keçirməklə digər insanlara örnək ola bilərlər. Ekspertlər qeyd edirlər ki, qadağalar təkbaşına məsələnin həlli deyil. İnsanların davranış mədəniyyəti dəyişməli, cəmiyyət özü sadələşməyə doğru yönəlməlidir. Onların fikrincə, mərasimlərin sadələşdirilməsi və təvazökarlıqla keçirilməsi həm dini, həm də sosial baxımdan daha məqsədəuyğundur.

İqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, qadağaları normal qarşılayır:

“Çünki insanlar həm ailə faciəsi ilə üzləşirlər, eyni zamanda, maddi çətinlik yaşayırlar. Yəni yas mərasimi üçün əlavə xərcə düşür, pul axtarmağa məcbur qalırlar. Bu baxımdan vəziyyəti anlamaq olur. Məsələn, qardaş Türkiyədə bu məsələ uzun müddət müzakirə olunurdu və müəyyən qədər həllini tapıb.

Digər tərəfdən isə insanların istəkləri və davranışları da var. Bu, birbaşa insanların seçim və davranış mədəniyyəti ilə bağlıdır. Tam şəkildə qadağa tətbiq etmək bir qədər insanların davranışına müdaxilə kimi görünə bilər. Ona görə də düşünürəm ki, bu məsələlər qadağalarla deyil, yaxşı örnəklərlə həll olunmalıdır. Yəni cəmiyyət özü dəyişməlidir. Tanınmış şəxslər, cəmiyyətdə nüfuzu olan insanlar ailələrində baş verən yas mərasimlərini sadə şəkildə keçirməklə nümunə göstərməlidirlər. Bu sadəlik örnək kimi qəbul olunmalı və yayılmalıdır. Məncə, bu yol daha doğru və qalıcı olar. Məsələn, Türkiyədə bu proses elita tərəfindən örnək olaraq başladı. Biznes və siyasi elita öz yas mərasimlərini çox sadə formada keçirərək digər insanlara nümunə oldular. Bu da cəmiyyətdə müəyyən dəyişiklik yaratdı”.

Ekspertin fikrincə, qadağalar təkcə məcburiyyət yaratmaqla nəticələnməməli, həm də cəmiyyətdə davranış və mədəniyyətin dəyişməsinə xidmət etməlidir:

“Yas mərasimlərinin sadələşdirilməsi həm ailələrin maddi yükünü azaldır, həm də mərasimlərin mənəvi mahiyyətini qoruyur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər