69
13:15, Bu gün

"Rusiyanın Ukraynaya hücumları genişlənir, Vaşinqtondan Kiyevə demarş" - Ukrayna KİV-ləri

 
"ABŞ-ın iqtisadi maraqları fonunda diplomatik gərginlik..."
 
Fevralın 25-nə keçən gecə Rusiya Ukraynaya qarşı növbəti genişmiqyaslı kombinə edilmiş hava hücumu həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Gecə dron zərbələri, dağıntı və itkilər
Ümumilikdə 115 hava hücum vasitəsindən istifadə olunub. Ukrayna HHM qüvvələri onların 95-ni zərərsizləşdirib. Hücumlar əsasən şimal, cənub və şərq istiqamətlərində qeydə alınıb.
 
Rusiya ordusu Bryansk, Kursk və işğal altında olan Donetsk istiqamətlərindən "Shahed", "Gerbera", "İtalmas" tipli zərbə PUA-ları ilə hücum edib. Təxminən 60-a yaxın "Shahed" dronunun tətbiq olunduğu bildirilir. Hava hücumlarının dəf edilməsinə aviasiya, zenit-raket bölmələri, radioelektron mübarizə vasitələri və mobil atəş qrupları cəlb olunub.Bununla belə, 18 zərbə dronunun 11 fərqli məkana düşdüyü təsdiqlənib. Dnepropetrovsk, Zaporojye və Nikolayev vilayətlərində dağıntılar
Dnepropetrovsk vilayətində iki rayon hücuma məruz qalıb. Vilayət rəhbərliyinin məlumatına görə, kənd təsərrüfatı müəssisəsi və fərdi yaşayış evi yanıb, təsərrüfat tikililəri və avtomobillər zədələnib. 61 yaşlı kişi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Zaporojye rayonunda vəziyyət daha ağır olub. Son sutka ərzində bölgənin 32 yaşayış məntəqəsinə 643 zərbə endirilib. Dörd nəfər həlak olub, iki nəfər yaralanıb. Ümumilikdə 218 yaşayış evi, avtomobil və infrastruktur obyektinin zədələndiyi bildirilir. Rusiya qüvvələri 12 aviazərbə, 401 müxtəlif tipli PUA (əsasən FPV) və 223 artilleriya atəşi həyata keçirib.
Nikolayev vilayətində isə "Shahed 131/136" tipli dronlarla kritik və nəqliyyat infrastrukturu hədəf alınıb. Xəsarət alan olmasa da, obyektlərə ziyan dəyib. Müdafiə qüvvələri burada 11 zərbə PUA-sını məhv edib və ya sıradan çıxarıb. Baş Qərargahın məlumatına əsasən, son sutka ərzində cəbhə xəttində 164 döyüş toqquşması qeydə alınıb. Rusiya ordusu 83 aviazərbə endirib, 220 idarə olunan aviabomba tətbiq edib.
Vaşinqtondan demarş
 
Bu hərbi eskalasiya fonunda diplomatik müstəvidə də diqqətçəkən hadisə baş verib. ABŞ administrasiyası, o cümlədən Donald Tramp rəhbərliyi dövründə Ukraynaya rəsmi diplomatik demarş təqdim edib. Bu barədə CNN-ə müsahibəsində Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina bildirib.
Söhbət ötən ilin sonunda Novorossiysk yaxınlığındakı neft obyektinə endirilən zərbədən gedir. Həmin hücum Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna təsir göstərib. Konsorsiumun əsas səhmdarlarından biri "Chevron" şirkətidir. Boru kəməri Qazaxıstan neftini Qara dəniz vasitəsilə ixrac edir və zərbə nəticəsində ixrac həcmi əhəmiyyətli dərəcədə azalıb.
 
ABŞ Dövlət Departamenti Kiyevə bildirib ki, Ukrayna "ABŞ-ın iqtisadi maraqlarına zərbə vurmamaq üçün" belə hücumlardan çəkinməlidir. Səfir vurğulayıb ki, söhbət Rusiyanın hərbi obyektlərinə ümumi qadağadan deyil, konkret iqtisadi maraqlardan gedir.
 
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski də CNN-ə müsahibəsində Vaşinqtonun Moskvaya yetərincə təzyiq göstərmədiyini bildirib və Trampın "bizim tərəfimizdə qalmasını" istədiyini deyib.
 
Müharibənin dördüncü ilində cəbhədə intensivlik azalmır. Hər gecə səma yenidən dron səsləri ilə dolur, paralel olaraq isə diplomatik cəbhədə iqtisadi maraqlar, sanksiyalar və siyasi mesajlar toqquşur. Müharibə artıq təkcə silahların deyil, həm də geosiyasi hesablamaların savaşıdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər