Teleaparıcıların QIRĞINI – Kim HAQLIDIR?
65
12:47, Bu gün

Teleaparıcıların QIRĞINI – Kim HAQLIDIR?

Azərbaycan televiziya məkanında növbəti qalmaqal dalğası yüksəlib. Son günlər aparıcılar və müğənnilər arasında yaşanan söz savaşları efir mədəniyyəti, aparıcılıq etikası və ümumilikdə televiziya məkanının səviyyəsi ilə bağlı ciddi suallar doğurub. Məsələ artıq şəxsi inciklik və ya fərdi münasibət çərçivəsindən çıxaraq, ictimai müzakirə predmetinə çevrilib.

Musavat.com xəbər verir ki, aparıcı Saleh Bağırov “Sabaha saxlamayaq” proqramında bu qalmaqallara münasibət bildirib. O, son günlər verilişlərə yönələn sərt tənqidlərdən danışaraq deyib:

“Camaat yazır ki, hamısı belədir. Axı hamısı belə deyil. Biz min bir zülmlə yaxşı veriliş ərsəyə gətiririk. Neçə ay bir veriliş üzərində çalışırıq. Yaxşılar da pislərin içində gedir. Deyirlər, camaat bunu istəyir. Kim ölçür camaatın nə istədiyini? Bütün biabırçılığı edib, camaatın üstünə atmaq olmaz”. Mövzunun alovlanmasına səbəb olan əsas çıxış isə müğənni Səidə Sultan tərəfindən səsləndirilib. O, televiziya məkanını kəskin tənqid edərək, efirlərin bayağılıq və qalmaqal üzərində qurulduğunu bildirib. Müğənninin sözləri sosial şəbəkələrdə geniş rezonans doğurub.

Lakin buna cavab gecikməyib. Aparıcı Səidə Bəkirqızı müğənnini sərt tənqid atəşinə tutaraq, onun vaxtilə efirlərdə və səhnədə nümayiş etdirdiyi obrazı xatırladıb. O bildirib ki, Səidə Sultan zamanında ən açıq geyinən müğənnilərdən biri olub və indi efir estetikasını tənqid etməsi müəyyən qədər ziddiyyətlidir.

Bununla da polemika şəxsi keçmişlərin qabardılması müstəvisinə keçib. Məsələyə aparıcı Tarix Əliyev (“Tolik”) və digər televiziya simaları da qoşulub. Sosial mediada qarşılıqlı ittihamlar, köhnə görüntülərin paylaşılması və sərt açıqlamalar efir mədəniyyəti məsələsini daha da aktuallaşdırıb.

Burada əsas sual budur: məsələ konkret aparıcılardadır, yoxsa televiziya sisteminin özündə?

Son illər Azərbaycan efirində aşağıdakı tendensiyalar açıq şəkildə müşahidə olunur: Qalmaqal üzərindən reytinq toplamaq cəhdi, şəxsi həyatların ifrat şəkildə müzakirəsi, sosial şəbəkə dili və küçə üslubunun efirə daşınması, aparıcı ilə qonaq arasında etik sərhədlərin pozulması. Eyni zamanda, keyfiyyətli, maarifləndirici, araşdırmaya əsaslanan proqramlar da mövcuddur. Lakin bu verilişlər qalmaqal yaradan proqramların kölgəsində qalır. Saleh Bağırovun dediyi kimi, “yaxşılar da pislərin içində gedir”.
Televiziya məkanında ən çox səslənən arqument budur: “Tamaşaçı bunu istəyir”. Ancaq burada bir sual ortaya çıxır - tamaşaçı həqiqətənmi bunu istəyir, yoxsa ona alternativ təqdim edilmir?
Daha bir məsələ, son illər sosial şəbəkə fenomenlərinin televiziya məkanına sürətli keçidi aparıcılıq anlayışını da dəyişib. Populyarlıq peşəkarlığı üstələdikdə isə nəticə müzakirə etdiyimiz qalmaqallar olur.

Bəs efir aparıcılığı hansı səviyyədədir və nələr dəyişməlidir?

Professor Qulu Məhərrəmli Musavat.com-a qeyd edib ki, ekranda gördüyümüz aparıcıların hamısının eyni rakursdan qiymətləndirilməsi doğru deyil:
“Yəni məsələyə “qurunun oduna yaş da yansın” prinsipi ilə yanaşmamalıyıq. Bu düşüncəni düzgün hesab etmirəm. Televiziya məkanımızda peşəkar, səviyyəli, hazırlıqlı aparıcılar, jurnalistlər, reportyorlar, tok-şou rəhbərləri var və onların əməyini danmaq haqsızlıq olar.
Xüsusilə İctimai Televiziya (İTV), Azərbaycan Televiziyası (AzTV), Mədəniyyət TV, İdman TV, Xəzər TV, ATV kimi kanallarda diqqəti cəlb edən, peşəkar davranışı ilə seçilən aparıcılar var. Biz bunları dana bilmərik. Hətta müşahidə etdiyimiz və iştirak etdiyimiz verilişlərdə qiymətləndirmə meyarlarından biri məhz aparıcının davranışı, verilişə hazırlıq səviyyəsi, mövzuya bələdliyi və müsahiblə ünsiyyət mədəniyyəti olur. Bu, ciddi və prinsipial məsələdir. Dövlət kanallarında və xüsusilə ictimai yayımçıda etik qaydaların daha sərt nəzarətdə saxlanıldığını açıq şəkildə görürük və müşahidə edirik”.

Qulu Məhərrəmli qeyd edib ki, hazırkı diskussiyalar, qarşıdurmalar, dava-dalaşlar birbaşa əyləncəli şou və musiqi proqramları, daha çox da həmin proqramların aparıcıları ilə bağlıdır: “Problemin mərkəzi əsasən bu seqmentdədir. Çünki adları hamıya məlum olan bəzi aparıcılar var ki, onlar kəskin tənqid olunur və hesab edirəm ki, bu tənqidlər haqlıdır.
Söhbət ünsiyyət mədəniyyətindən, davranış tərzindən, efir etikası çərçivəsindən çıxan hallardan gedir. Bəzi verilişlərdə yolverilməz nüanslar müşahidə olunur. Tamaşaçı məişət səviyyəli danışıqdan narazıdır. İnsanların şəxsi həyatına müdaxilə edilməsindən narazıdır. Məişət mübahisələrinin, emosional qarşıdurmaların, hətta bəzən aşağılayıcı ifadələrin efirə daşınmasına qarşıdır. Məsələ budur ki, kamera adi bir nüansı da bir anda milyonlarla, yüz minlərlə auditoriyanın qarşısına çıxarır. Üstəlik, həmin görüntülər sosial şəbəkələrdə yayılır və auditoriya daha da genişlənir. Bu isə məsuliyyəti qat-qat artırır. Söhbət ondan gedir ki, bu sahədə ciddi problemlər var və bu problemlər illərdir tənqid olunur. Amma nəticə görünmür. Mənə elə gəlir ki, nəticənin olmamasının əsas səbəbi odur ki, həmin aparıcılar efirdə meydan sulamaqda davam edir. Çünki onlar kanala reytinq gətirir, sponsor gətirir, maliyyə axını yaradır. Əsas məsələ də buradadır - maddiyyatın önə çəkilməsi, etik qaydaların tapdalanması bahasına belə olsa, kommersiya maraqlarının üstün tutulması”.

Onun fikrincə, birinci növbədə televiziya rəhbərləri, xüsusilə özəl televiziya kanallarının rəhbərləri bu məsələdə daha konkret, daha prinsipial mövqe nümayiş etdirməlidirlər: “Bəzən müəyyən “cərrahi müdaxilədən” çəkinməmək lazımdır. Ən əsası isə yeni, maraqlı, auditoriyanın qəbul etdiyi, peşəkar və etik çərçivədə işləməyi bacaran aparıcıların yetişdirilməsinə diqqət artırılmalıdır. Televiziya təkcə əyləncə platforması deyil, həm də ictimai zövqü formalaşdıran mühüm vasitədir. Ona görə də burada məsuliyyət təkcə bir aparıcının deyil, bütöv sistemin üzərinə düşür”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər