“Güclü zəlzələlərdən sonra palçıq vulkanları aktivləşir, amma vulkanın püskürməsi üçün...” - FOTO+ÖZƏL
59
08:58, Bu gün

“Güclü zəlzələlərdən sonra palçıq vulkanları aktivləşir, amma vulkanın püskürməsi üçün...” - FOTO+ÖZƏL

“Ölkəmizdə palçıq vulkanlarının aktivləşməsi üçün zaman amili yoxdur. Biz deyə bilmərik ki, hansısa mövsüm və ay ərzində palçıq vulkanları aktivləşir. Bu doğru təhlil deyil. Palçıq vulkanlarının aktivləşməsi üçün bir neçə amil kritik mahiyyət daşıyır. Bunların biri və ən vacibi seysmik aktivlikdir. Seysmik aktivlik artdıqca, güclü zəlzələlər baş verdikcə, (təqribən 5 baldan yuxarı) palçıq vulkanları aktivləşə bilir. Eyni zamanda zəif zəlzələ seriyalarının təkrarlanması da palçıq vulkanlarının püskürməsinə səbəb ola bilər. Amma burada bir əsas amil var. Palçıq vulkanı püskürməyə hazır deyilsə, zəlzələ nə qədər güclü olsa da o vulkanı aktivləşdirə bilməyəcək. Palçıq vulkanının püskürməsi üçün onun enerji toplaması lazımdır. Vulkanın əsas qaz komponenti metandır. Təqribən 90 faizdən çoxu metan olur. Metanın vulkanın strukturunda depolanması, kifayət qədər toplanması onun püskürməsi üçün kifayət qədər əsas amildir”.
 
Bunu Elm və Təhsil Nazirliyi Geologiua və Geofizika İnstitutu, yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov Moderator.az-ın sorğusuna əsasən deyib.
O daha sonra dünyada ən böyük vulkanın Azərbaycan ərazisində olduğunu bildirib:
 
“Ölçülərinə, əzəmətinə və nəhəngliyinə görə ən böyük vulkan Torağaydır. Qobustanın cənubunda yerləşir. Amma hündürlüyünə görə ən böyük vulkan Otman Bozdağı qeyd etmək olar. Torağayla təqribi eyni hündürlükdədir. 400 metrdən bir qədər hündürdülər. Ancaq ölçmələrimizə görə Otman Bozdağ hündürlüyünə görə Torağayı qabaqlayır. Amma Torağay ölçülərinə, nəhəngliyinə görə dünyada və Azərbaycanda ən böyük vulkandır. Torağaya oxşar vulkanlar da var. Azərbaycan dünyada ən çox palçıq vulkanı təzahür edən ölkədir. Hətta dünyada 2500-dən bir qədər artıq palçıq vulkanı varsa onun 350-dən artığı Azərbaycandadır. Bu özü-özlüyündə çox böyük rəqəmdir. Bu nöqteyi nəzərdən Azərbaycanla heç bir ölkə rəqabət apara bilmir. Bu prizmadan yanaşsaq Azərbaycanı dünyadan fərqləndirən bir neçə amil var. Bura eyni zamanda vulkanın böyüklüyü, vulkanların aktivliyi, müxtəlif tip vulkanların çoxluğu daxildir”, - deyə Orxan Abbasov bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər