“Azərbaycan musiqisini hər zaman sevmişəm, hörmətim də olub. Amma bu gün musiqimizi düzgün ifa etməyən, əsl musiqimizi kənarda qoyub bayağılığı təbliğ və reklam edən televiziya kanallarından çox narazıyam. Mən bu sözü iki ildən çoxdur ki, deyirəm. Bunlara bir dur deyən olacaq?! Onlar şərait yaradırlar və bəziləri də deyir ki, mən müğənniyəm. Onda bəs müğənnilər kimdir? Müğənni adı küçədə qalmayıb, ağacdan dərmirlər. Müğənni adını qazanmaq üçün bilirsinizmi nə qədər konsertlər oxuyub, dövlət tədbirlərində olmalısan?! Toyu nəzərdə tutub özünə müğənni deyə bilərsən. Toy da bizim kütləvi, şən məclisimizdir. Ora da getmək olar. Vaxtın varsa, qastrol səfərlərin yoxdursa gedib toyda iştirak edə bilərsən. Zamanında mən və mənim kimi müğənnilər 40-50 toyu qaytarıb, 3-4 aylıq qastrol səfərlərinə gediblər. Biz mədəniyyətimizin büdcəsinə pullar gətirmişik. Bu qədər xidmətlərim olub, amma yenə də özümə müğənni deməyə utanmışam. Qoy mənə kənardan müğənni desinlər”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.
O daha sonra əlavə edib və bəzi televiziya kanallarına etirazını bildirib.
“Bu kimi hallar bizi xəstə salıb, əsəb edib. Bayağı musiqinin də öz yeri var. Ona insanlar toyda qol qaldırıb oynayırlar. Mənim istəyim budur ki, o mahnılar, musiqilər efirdə olmasın. Ay sizə qurban olum, yığışdırın da özünüzü! Adamın abırı-həyası olar da. Hərdən qarmon ifaçısı Gövhər xanım Rzayeva deyir ki, sən niyə danışmırsan?! Hətta mənə öz aramızda “Lal Hüseyn” deyir. Danışırıq, deyirlər ki, qocalıb paxıllıq edir. Ay başınıza dönüm, paxıllıq hissi məndə ümumiyyətlə yoxdur. Heç bilmirəm ki, bu necə olur?! Bayağı mahnı oxumaq istəyirsənsə oxu! Amma bu musiqiləri televiziya məkanına gətirməyin. Hər şeyi reytinqdə görürsünüz. Mən artıq yorulmuşam deyim ki, bir az özünüzə gəlin, nəzarət edin. Müğənni adını belə bayağılaşdırmayın. Əlinə mikrofon götürür deyir ki, filankəs filankəsin restoranında oxuyur. Ayıb deyil?! Heç utanıb qızarırsız?! Müğənnisən müğənnisən də. Sən insanların evinə televiziya vasitəsilə daxil olub, min hoqqa verirsən! Axı niyə belə edirsiz?! Yəqin ki, onların qabağı alınar. Bizim xanəndələrimiz, böyük sənətkarlarımız var. Ümid edirəm ki, onlar da dillənəcəklər. Axı niyə görə bizim əsl musiqimiz kənarda qalır, bu biyabırçılığı siz televiziyalarda verirsiz?! Özünüzü yığışdırın da! Televiziya rəhbəri demir ki, ay balam, bu sənətkar niyə verilişə gəlmir?! Mən efirlərə getmirəm! Gedəndə də musiqidən söhbət edirəm. Mənim sahəm musiqidir. Mən hüquqşünas, həkim, bəstəkar, şair deyiləm ki, o sahələrdən danışım. Yoxsa aləm dəyib bir-birinə. Az qalıram ki, bunların əlindən ölkəni tərk edim və bilsinlər ki, Firuzə İbadova adında müğənni yoxdur. Bunu istəyirsiz ki, gedib oturum bir küncdə, qapını da bağlayıb çölə çıxmayım?! Bu həddə gəlib çatmışam! Mənim kimi nə qədər insanlar var ki, televiziyadan qaçırlar. Çünki gecə-gündüz görün kimi reklam edirsiz?! Nəyi reklam edirsiz?! Ölkəmizə gələn turistlər də, xairic vətəndaşlar da deyir ki, Azərbaycan musiqisi budur?! Hər bir ölkə, xalq öz mədəniyyəti ilə tanınır. Hər şeyi qoymusuz kənara! Müğənnilərə də səslənirəm. Əlinə mikrofon götürüb biyabırçı vəziyyətdə Azərbaycan xanımlarını təhqir etməyin. Əyninizə geyinməyə paltarınız yoxdur?! Gərək elə bədəninizi göstərəsiz?! O zaman siz özünüzə müğənni yox, başqa ad qoyun. Mənim sözlərimdən bilirəm ki, inciyəcəklər. Cəhənnəmə, gora incisinlər! Qoy birdəfəlik incisinlər! Nə istəyirsiz bizdən? Nə vermisiz ala bilmirsiz?! Bütün klassik müğənnilər, estrada oxuyanlar, xanəndələr, vokalçılar etiraz etməlidir və deməlidirlər ki, biz efirlərə gəlmirik. Hamı bir nəfər kimi, bir nəfər hamı kimi olsa televiziyalar özünə gələr, özünü yığışdırar. Sən mənim mədəniyyətimi korlayıb niyə pul qazanmalısan?! Elə yaxşı musiqi ilə qazan, həm də maarifləndir də”, - deyə sənətkar bildirib.
