“Atamın o görkəmini, vəziyyətini heç kim görmədi, rəngi ağappaq idi” - FOTO+ÖZƏL
146
08:48, Bu gün

“Atamın o görkəmini, vəziyyətini heç kim görmədi, rəngi ağappaq idi” - FOTO+ÖZƏL

“Atam səhnədə rol oynayıb, həyatda isə onu tanıyanlar deyə bilərlər ki, necə insan olub. Onun içi də, çölü də eyni idi. Övladlarına qarşı necə idisə, hamıya qarşı da belə idi. Atam dünyasını dəyişəndən sonra o qədər yad, ailəmizə kənar insanlardan onun haqqında xoş sözlər eşitdik ki.. Onların bu dediklərindən qətiyyən təəccüblənmədim. Çünki eynilə bizə olan münasibət də evdə belə idi. Sən demə onun sevgisi hamıya qarşı eyni olub. Şəxsi həyatımızı da, iş həyatımızı da onunla bölüşürdük. Hər zaman yaxşı məsləhətlər verirdi. Bu gün də işdə bir problem olanda onun sözlərini yadıma salıram və onun qoyduğu dəst-xəttlə gedirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz deyib.
 
O daha sonra anası Xoşavaz xanımla atasının münasibətlərindən danışıb:
“Atam tanınmış aktyor idi, qadın həmkarları ilə birlikdə səhnəyə çıxırdı, filmlərdə çəkilirdi. Amma bir dəfə də görməmişəm ki, bizim evdə qısqanclıq üstündə dava düşsün, söz-söhbət olsun. Bu hər ailəyə qismət olmur. Atam çox xoşbəxt kişi idi ki, onun mənim anam kimi həyat yoldaşı olub. Anam atamı uşaq kimi saxlayırdı, kaprizlərinə dözürdü. Kaprizləri də çox məsuliyyətli və təmizkar olması ilə bağlı idi. Bunların da öhdəsindən anam gəlirdi. Anam onun tamaşalarının həm də tənqidçisi idi. Atam səliqəli geyinib-keçinirdi. Bütün bunlar da anamın onun sənətinə sevgisindən və nə qədər məsuliyyətli olmasından irəli gəlirdi”.
 
Şəfəq Novruz atasının son günlərini də xatırlayıb.
“Hər axşam işdən çıxandan sonra yanına gəlirdim, ona baş çəkmədən evə getmirdim. Qapıdan içəri daxil olan kimi otağa baxırdıq. Çünki atamın daimi oturduğu yer qapı ilə üzbəüz idi. Çox arıqlamışdı.. Rəngi ağappaq idi. Atamın o görkəmini, görüntüsünü heç kim görmədi. Cavidana dedim ki, gözüm su içmir. Hətta özündən də soruşdum ki, ağrıyırsan? Bir söz demədi. Bu insan son nəfəsində belə övladlarını incitmək istəmirdi. Atam teatrda bütün gənclərə dəstək idi. O dünyasını dəyişəndə hər kəs ağlayırdı.. Cavanlı-qocalı hər kəs.. Atam evdən yox eldən etdi. Onun xatirəsinin yaşadılması istiqamətində hər zaman əlimizdən nə gəlirsə etməyə hazırıq”, -  deyə sənətkarın övladı bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər