155
15:10, Bu gün

"Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edə bilmədi" - "Deutsche Welle"

 
"Macarıstanın etirazı səbəbindən yeni sanksiyalar və 90 milyard avroluq kredit qərarı yubanır..."
 
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edə bilməyib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Brüsseldə keçirilən iclasdan sonra Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas üzv ölkələr arasında yekdil mövqenin olmadığını bildirib.
Onun sözlərinə görə, qərarın Ukraynaya qarşı genişmiqyaslı işğalın dördüncü ildönümü ərəfəsində qəbul edilməməsi "istədiyimiz siqnal deyil". Kallas Aİ-nin Ukraynaya dəstəyi davam etdirməli və Rusiyaya təzyiqi artırmalı olduğunu vurğulayıb.
 
Budapeştin etirazı
 
Sanksiyaların qarşısının alınmasında əsas rol Macarıstana məxsusdur. Baş nazir Viktor Orban Ukraynanın "Drujba" neft kəməri ilə Rusiya neftinin tranzitini dayandırmasını əsas gətirərək paketi bloklayacağını açıqlayıb. 
 
Slovakiya baş naziri Robert Fitso da eyni mövqedən çıxış edib və elektrik ixracını dayandırmaqla hədələyib. Ukrayna XİN rəhbəri Andrey Sibiqa isə Macarıstanı Aİ-ni "girov saxlamaqda" ittiham edib.
 
Sanksiyalar və Kiyevə səfər
Təklif olunan paket Rusiya neft ixracına dəniz xidmətlərinin qadağanını, bank sektoruna əlavə məhdudiyyətləri və hərbi təyinatlı məhsulların ixracına yeni embarqoları nəzərdə tutur. Qərarın qüvvəyə minməsi üçün isə bütün üzvlərin razılığı tələb olunur.
 
Bu arada "Politico" yazır ki, Aİ rəhbərliyi Kiyevə faktiki olaraq "əliboş" gedir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Şurasının prezidenti Antonio Koşta səfər etsələr də, nə yeni sanksiyalar, nə də 90 milyard avroluq müdafiə krediti üzrə irəliləyiş təqdim edə biləcəklər.
 
Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, əsas məqsəd ölkənin mübarizəsini dəyərsizləşdirməmək və Rusiyaya qarşı təzyiqi artırmaqdır. Aİ daxilində fikir ayrılıqları isə Brüsselin vahid mövqe nümayiş etdirməsini çətinləşdirir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər