Azərbaycanda HALAL turizm – Əhalinin NƏZƏRİNƏ!
120
09:35, Bu gün

Azərbaycanda HALAL turizm – Əhalinin NƏZƏRİNƏ!

Azərbaycanda macəra və halal turizm xidmətlərinə aid 4 yeni dövlət standartının layihəsi hazırlanıb. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verilir. Bildirilir ki, sənədlər Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq hazırlanıb və səs çoxluğu ilə təsdiqlənib. Yeni standart layihələri halal turizm xidmətlərinin təşkili, xidmət keyfiyyəti və müvafiq tələblərin müəyyənləşdirilməsi istiqamətində normativ bazanın gücləndirilməsinə xidmət edir.

Ümumiyyətlə, halal turizm nə deməkdir?

Qeyd edək ki, halal turizm İslam dəyərlərinə və şəriət prinsiplərinə uyğun təşkil olunan turizm xidmətləri sistemidir. Burada əsas diqqət turistlərin dini inanclarına hörmət edən və onların həyat tərzinə uyğun mühit yaradan xidmət modelinə yönəldilir. Halal turizmin əsas xüsusiyyətləri bunlardır: Halal qida təminatı (sertifikatlaşdırılmış məhsullar), alkoqolsuz xidmət modeli və ya ayrıca zonaların təşkili, namaz otaqlarının mövcudluğu, qiblə istiqamətinin göstərilməsi, ailəvi və məhrəmlik prinsiplərinə uyğun istirahət imkanları, qadınlar və kişilər üçün ayrıca SPA, hovuz və çimərlik zonaları (bəzi hallarda). Bu model xüsusilə Yaxın Şərq, Cənub-Şərqi Asiya və Körfəz ölkələrindən gələn turistlər üçün cəlbedicidir. 

Bəs Azərbaycanda halal turizm xidmətlərinə dair yeni standartların tətbiqi nəyi dəyişəcək?

Turizm eksperti Ceyhun Aşurov Musavat.com-a deyib ki, bəli, Azərbaycan Standartlaşdırma İnstitutu halal turizmlə bağlı yeni standartlar müəyyənləşdirmək istəyir.

“Bu standart və normaların olması halal turizm məhsullarının yaranmasında, xidmətlərin təşkili prosesində halal prinsiplərinin, eləcə də halal turizm xidmət qaydalarının tam və düzgün şəkildə yerinə yetirilməsinə, bu prinsiplərə ciddi riayət olunmasına xidmət edəcək. Başqa sözlə, normativ bazanın formalaşdırılması bu sahədə fəaliyyət göstərən subyektlər üçün konkret çərçivə yaradacaq və “halal turizm” anlayışının sadəcə ad olaraq deyil, real məzmun və tələblər əsasında tətbiq olunmasına imkan verəcək”,_ deyə C.Aşurov vurğulayıb.

Ceyhun Aşurov onu da qeyd edib ki, bu məhsulların və xidmətlərin formalaşdırılması ölkəmizə gələn İslam dini mənsublarının xüsusi seqmentinə aid olan turistlər üçün olduqca vacibdir:

“Belə ki, məhz bu kateqoriyaya daxil olan insanlar öz dini inanclarına uyğun xidmətlərə ehtiyac duyurlar. Onlar üçün qidalanmadan yerləşməyə, istirahətdən məişət şəraitinə qədər bütün xidmətlərin halal prinsiplərinə uyğun təşkili mühüm əhəmiyyət daşıyır. Bu baxımdan sertifikatlaşdırılmış xidmətlərin, halal konseptli otellərin və restoranların mövcudluğu, onların rəsmi şəkildə müvafiq sertifikat əldə etməsi həmin ölkələrdən gələn turistlərin sayına və ümumilikdə müştəri məmnuniyyətinə müsbət təsir göstərə bilər. Çünki turist üçün əsas məsələlərdən biri də etibar və şəffaflıqdır. Rəsmi standart və nişanın olması xidmətin keyfiyyətinə və uyğunluğuna zəmanət verən mühüm amil kimi çıxış edir. Otellər və turizm xidmətləri bu standartların tələblərinə uyğunlaşmış olacaq, fəaliyyətlərini müəyyən edilmiş meyarlar əsasında quracaqlar. Bu isə həm xidmət səviyyəsinin yüksəlməsinə, həm də bazarda sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər”.

Turizm eksperti həmçinin, vurğulayıb ki, hazırda ölkəmizdə bu konseptdə çalışan müəyyən sayda otel və restoranlar mövcuddur:

“Lakin onların heç birinin vahid və rəsmi şəkildə təsdiq olunmuş standartı, xüsusi lisenziyası və ya fərqləndirici nişanı yoxdur. Bu isə bazarda müəyyən qeyri-müəyyənlik yaradır və istehlakçı üçün seçim prosesini çətinləşdirir. Düşünürük ki, halal turizm standartının yaradılması artıq bu sahədə tanınmış və etibarlı markaların müəyyən olunmasına kömək edəcək. Eyni zamanda burada təqdim olunan turizm xidmətləri və məhsullarının İslam qaydalarına cavab verməsi rəsmi şəkildə təsdiqlənəcək və standartlara uyğun şəkildə təqdim edilməsi təmin olunacaq. Bu isə həm ölkənin turizm imicinə, həm də beynəlxalq halal turizm bazarında mövqeyinin güclənməsinə mühüm töhfə verə bilər”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər