“Hər şeyimizi itirə-itirə gedirik, televiziyalar nə gündədir, məni ağrıdan budur ki, qalmaqal yaradan aparıcılara ehtiyac var” - FOTO+ÖZƏL
72
09:20, Bu gün

“Hər şeyimizi itirə-itirə gedirik, televiziyalar nə gündədir, məni ağrıdan budur ki, qalmaqal yaradan aparıcılara ehtiyac var” - FOTO+ÖZƏL

“Doğum günümdə ailəmlə birlikdə oldum. Sözün düzü mən dəbdəbəli, səs-küylü ad günləri qeyd etmirəm. Ümumiyyətlə doğum günlərimi qeyd etmirəm. Belə bir vərdişim yoxdur. Ən böyük arzum sağlıq və salamatlıqdır. Övladlarım üçün, ailəm üçün, sevdiklərim üçün”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor, aparıcı Azər Axşam deyib.
 
O daha sonra sənətlə bağlı arzularından danışıb:
“Bir sənət adamı kimi də arzum budur ki, mədəniyyət və incəsənət istədiyimiz şəkilə düşsün. Televiziyalarımızın arzu etdiyimiz şəkilə düşməsini istəyirəm. Başqa nə istəyə bilərəm? Əfsuslar olsun ki, bu gün istədiyimiz nüanslar, amillər yoxdur. Bir sözlə hər şeyimizi itirə-itirə gedirik. Məni ağrıdan odur ki, 30 illik torpaqlarımızı qaytardıq, amma əvvəlki mənəvi dəyərlərimizi, mədəniyyətimizi, səviyyəmizi geri qaytara bilmirik. Çox təəssüf! Məni incidən budur. Amma mümkün olmayan bir şey yoxdur. Bu həyatda təkcə ölümə çarə yoxdur. Mən inanıram ki, bu həyatda gec-tez hər şey öz yerini tapacaq və öz yerinə oturacaq”.
 
Azər Axşam hazırda aktiv aparıcılıq fəaliyyəti ilə məşğul olmadığını bildirib:
“Hazırda prodakşınla çalışıram. Verilişimiz Atv-də efirə gedir. Amma hansısa televiziyanın aktiv və fəaliyyətdə olan aparıcısı deyiləm. Bilmirəm ki, bunun səbəbi nədir? Ola bilər ki, bu gün mənim kimi aparıcılara televiziyanın o qədər də ehtiyacı yoxdur?! Daha çox dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır”, -  deyə aktyor bildirib.
Link kopyalandı!
Son xəbərlər