“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTO
128
13:08, Bu gün

“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi - FOTO

Azərbaycan dilinin qorunması və düzgün istifadəsi “Azərsun Holdinq” üçün prioritet istiqamətlərdən biridir. Xüsusilə cari ildə ana dilinə həssas yanaşmanın təşviqi və bu sahədə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi şirkətin diqqət mərkəzindədir.

Media məkanında dilin düzgün və peşəkar istifadəsinə dəstək məqsədilə təşkil olunan təlim də bu həssas yanaşmanın tərkib hissəsidir.

Ana dilində mətn tərtibatında süni intellekt alətlərindən istifadə mövzusuna həsr olunan təlimdə 25 media qurumundan jurnalistlər və Bakı Dövlət Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Görüş “Code Academy” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Təlimi süni intellekt üzrə kreativ direktor və təlimçi Ümid Salay aparıb.

Proqram çərçivəsində süni intellekt nədir və jurnalistikada rolu, mətn hazırlama prosesində süni intellektdən istifadə, mətn yaradan süni intellekt alətləri ilə tanışlıq, süni intellektdən istifadənin üstünlükləri və məhdudiyyətləri, düzgün sorğu (prompt) yazma qaydaları, süni intellekt tərəfindən yaradılmış mətnlərin redaktəsi və faktların yoxlanılması kimi mövzulara toxunulub.

Praktiki hissədə isə iştirakçılar süni intellekt alətlərindən istifadə edərək mətnlər hazırlayıb, redaktə edib və nəticələri birlikdə müzakirə ediblər.

“Azərsun Holdinq” media nümayəndələrinin peşəkar inkişafına, ana dilinin düzgün istifadəsinin təşviqinə və müasir texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərini bundan sonra da davam etdirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər