Bizi sosial şəbəkələrdən izləyin:
“Bir aktyor kimi ən böyük arzum hər zaman səhnədə olub, yaxşı və maraqlı obrazlar oynamaqdır. Mən monoloq sevirəm. İstərdim ki, elə bir tamaşa götürülsün ki, heç olmasa orada monoloqlu bir səhnə olsun və mən özümün aktyor imkanlarını orada tam göstərə bilim”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Əhməd Salahov deyib.
O daha sonra uzun illərdir efirlərə çıxmadığını bildirib:
“Məni daha çox yaşlı və orta nəsil insanlar tanıyır. Gənclər demək olar ki, məni tanımırlar. Bakı Bələdiyyət teatrında çalışıram. Artıq 34 ilə yaxındır bu sənət ocağındayam. Gəlib tamaşalarıma da baxırlar. Bizim teatrın binası yoxdur. Efirlərə çıxmıram. Küsmüşəm onlardan. Efirlər heç kimə lazım deyil. İllərdir eyni suallar, eyni söhbətləri edirlər. Efirləri teatrlar maraqlandırmır. Niyə çıxım, nə danışım?!”.
Əhməd Salahov onu tamaşaçılara tanıdan “Sən həmişə mənimləsən” televiziya tamaşasından və “Nizami” filmindən də ürəkdolusu danışıb:

“ “Nizami” filmi ilə bağlı onu xatırlayıram ki, 50 dərəcə istidə çəkilirdik. Mən orada Məcnun, tərəfmüqabilim isə Leyli rolunu oynayırdı. O qədər isti idi ki, güc-bəla ilə çəkilişlərdə iştirak edirdik. Çəkilişlər elə yerdə aparılırdı ki, su içsəydik xəstələnərdik. Su içməyi bizə qadağan etmişdilər. Onun yerinə alma vermişdilər. Müslüm Maqomayev Nizami rolunu oynayırdı. Biz almaların hamısını yemişdik. Yadımdadır ki, o gəlib almalarını bizimlə bölüşmüşdü. Türkmənistanın Ağcaqum çölündə çəkilişlər aparılırdı. “Sən həmişə mənimləsən” televiziya tamaşasına çəkiləndə xəstələnmişdim. Yadımdadır ki, çəkilişlərdən sonra xəstəxanaya gətirirdilər, iynə vurub yatırdırdılar. Sonra yenidən çəkilişlərə gedirdim. Rasim Balayev, Səfurə İbrahimova, Məlahət Abbasova kimi sənətkarlarla birlikdə çəkilmək mənə çox xoş idi. Bu gün də o xatirələrlə yaşayıram və “nə yaxşı ki, belə sənətkarlarla tərəf müqabili olmuşam” deyirəm”, - deyə aktyor bildirib.