"Texnologiya və ekran uşaqların diqqət və öyrənmə qabiliyyətini zəiflədə bilər..."
Onilliklər boyu intellekt və təhsil göstəricilərində artım müşahidə olunub, lakin son illərdə bu dinamika zəifləyib, bəzi ölkələrdə geriləmə qeydə alınır.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Sual açıqdır: yeni texnologiyalar nəsillərarası intellekt artımını dayandırırmı? Əvvəllər hesab olunurdu ki, dünya inkişaf etdikcə uşaqlar valideynlərindən daha ağıllı olacaq. Lakin beynəlxalq testlər artıq sabit artım göstərmir. Oxu anlamı, riyazi savad və diqqətin idarəsi kimi əsas bacarıqlarda bir sıra Qərb ölkələrində zəifləmə müşahidə olunur. Pandemiya və distant təhsil isə ekranları əsas təhsil mühitinə çevirib. Mövzi ABŞ Konqresində də müzakirəyə çıxarılıb. Təhsil daha bahalı və texnoloji cəhətdən inkişaf etmiş olsa da, nəticələr gözlənilən səviyyədə yüksəlmir.
"Flinn effekti" dayanır?
"Flinn effekti" - hər yeni nəsildə IQ (intellekt əmsalı) göstəricilərinin əvvəlkindən daha yüksək olması meyli diqqəti cəlb edir. Nevroloq və öyrənmə tədqiqatçısı Cared Horvat bildirib ki, son 20 ildə yalnız artımın ləngiməsi deyil, bəzi göstəricilərdə geriləmə də var. Məsələ uşaqların "kütləşməsində" deyil, cəmiyyətin baza hesab etdiyi bacarıqlarda - oxu, riyaziyyat, təbiət elmləri və davamlı diqqətdə nəticələrin zəifləməsindədir. OECD-nin PISA nəticələrinə görə, bir çox inkişaf etmiş ölkədə 15 yaşlı şagirdlərin nəticələri ya durğun, ya da enişdədir. ABŞ və digər Qərb ölkələrinin milli testləri oxşar mənzərə göstərir.
Ekranla dəyişən sinif
İsrailli alim Amir Gefen qeyd edir ki, dönüş nöqtəsi təxminən 2010-cu illərə təsadüf edir – smartfonlar və sosial şəbəkələr kütləviləşib, ekran uşaqların gündəlik həyatına daxil olub. Formal tədris proqramları dəyişməsə də, öyrənmə mühiti radikal şəkildə transformasiya olunub: uşaqların təxminən yarısı oyaq vaxtını ekran qarşısında keçirir. Rəqəmsal mühit sürətli keçid, qısa stimul və səthi informasiya skanını təşviq edir; dərin öyrənmə isə uzunmüddətli diqqət və səy tələb edir.
Beyin necə reaksiya verir?
Tsipi Horovits-Krausun tədqiqatları göstərir ki, mobil cihazın mövcudluğu belə uşağın diqqətini azalda bilər. 2-4 yaşlı uşaqlarda cihazla nağıl oxunarkən ortaq diqqət səviyyəsi aşağı düşür, 6-8 yaşlı uşaqlarda isə cihazın otaqda olması koqnitiv yüklənməni artırır. Uzunmüddətli müşahidələr ekran üzərindən çox oxuyan uşaqlarda oxu və nitq üçün cavabdeh beyin sahələri arasında əlaqənin zəif olduğunu göstərir. Horovits-Kraus texnologiyadan imtina çağırışı etmir, balansın vacib olduğunu vurğulayır - ekran kitabın yerinə yox, yanında istifadə olunmalıdır.
Müəllimin rolu dəyişir
Gefen hesab edir ki, müəllim artıq yalnız informasiya mənbəyi deyil, mentor rolunu daşımalıdır. Ani məlumat dövründə əsas dəyər tənqidi düşüncə, empatiya, komanda işi və emosional dayanıqlıqdır. Yanlış istifadə olunan süni intellekt isə "koqnitiv boşalma" yarada bilər, tapşırıq və qiymətləndirmə üsulları dəyişərsə, texnologiya nəticələri yaxşılaşdıra bilər.
Beləliklə, müzakirə sadəcə "ekranlar yaxşıdır, yoxsa pis?" sualından daha genişdir. Söhbət inkişaf mühitinin yenidən düşünülməsi, əsas bacarıqların formalaşma tempi və təhsil sisteminin məsuliyyətindən gedir. Dönüş nöqtəsindəyiksə, nəticə texnoloji tərəqqini insan beyninin ehtiyacları ilə nə dərəcədə uyğunlaşdıra biləcəyimizdən asılı olacaq.