"Bu sənədlər sadəcə cinayət işi deyil, Qərb elitasının mənəvi portretidir..."
Epşteyn işi təkcə kriminal xronika deyil, Qərb elitasının mənəvi durumuna qoyulan diaqnozdur.
Moderator.az xəbər verir ki, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" nəşri yazıb.
Elitanın paralel dünyası
Nəşr yazır ki, cəmiyyət "hörmətli adamların" riyakarlıq miqyası qarşısında sarsıldığı halda, qalmaqal qəribə istiqamət alır: ədalətin zəfəri əvəzinə məsuliyyət yuyulur, real cinayətlər isə şayiə və fərziyyələrlə qarışır. Sənədlər maliyyəçi Ceffri Epsteyn ətrafında formalaşmış şəbəkənin miqyasını göstərir.
O, siyasətçilərdən və iş adamlarından tutmuş alimlərə və aristokratlara qədər geniş çevrədə əlaqələr qurub. Özəl təyyarə, ada dəvətləri, xeyriyyə layihələri - bütün bunlar elitaya təqdim olunan "xidmətlər" olub. Nəşr yazır ki, bir çox kişi qanun və mənəvi çərçivələri deyil, "mümkün olanı" rəhbər tutub.
"Ceffri dayı"dan monstr obrazına
Qalmaqaldan sonra ard-arda istefalar gəlib. Britaniya kral ailəsinin üzvü şahzadə Endryu artıq uzun müddətdir bu işlə bağlı təzyiq altındadır. Halbuki Epşteynin keçmişi yeni deyildi: hələ 2008-ci ildə o, yetkinlik yaşına çatmayanlara qarşı cinayətlər fonunda son dərəcə yumşaq razılaşma ilə cəza almışdı. Bu hökm o zaman da qalmaqal doğurmuşdu.
Nəşr yazır ki, "biz heç nə bilmirdik" tipli bəyanatlar inandırıcı səslənmir. Epşteynin adı uzun illər ictimaiyyətə məlum idi. Bununla belə, bir çoxları əlaqələri davam etdirib - kimisi mənəvi tərəddüd keçirmədən, kimisi isə özünü inandıraraq ki, vəziyyət o qədər də qorxulu deyil.
Sosial psixoloq Tessa Vest bu mexanizmi belə izah edir: qeyri-müəyyən davranışla üzləşəndə insanlar onu öz xeyrinə yozmağa meyllidir. Sənədlərin birində bildirilir ki, hələ 2006-cı ildə Donald Tramp polisə Epşteyn barədə "hamı bilirdi ki, o, bununla məşğuldur" dediyini söyləyib. Lakin hüquq-mühafizə sistemi onu dayandırmayıb - əlaqələr işə düşüb.
Tramp və kollektiv nüfuz zərbəsi
Nəşrin təhlilinə görə, indi yayılan sənədlər real sübutlar, eyhamlar və saxta "dəlillər" qarışığıdır. Epşteynlə uçmaq, kobud mesajlar yazmaq və ya şübhəli məclislərdə görünmək hüquqi baxımdan avtomatik cinayət demək deyil. Bu səbəbdən sənədlər qalmaqalın əsas mahiyyəti - azyaşlılara qarşı zorakılıq və insan alveri üzrə konkret ifşalar təqdim etmir.
Tramp uzun müddət sənədlərin dərcinə qarşı çıxsa da, sonda öz elektoratının təzyiqi ilə razılaşıb. Paradoks ondadır ki, o, sənədlər kütləsində "çoxlarından biri" kimi görünərək siyasi mövqeyini belə möhkəmləndirib. Halbuki 2005-ci ildə qadınlarla bağlı səsləndirdiyi qalmaqallı ifadələr onun seksual imicini çoxdan formalaşdırıb. Nəşr bunu "kişi klubunun özünü təsdiqi" kimi xarakterizə edir.
"Açar dəliyindən baxış" və günahın yayılması
Qalmaqalın digər tərəfi isə bulyar janrına çevrilib: dünya elitasının şəxsi yazışmaları mediada açıq şəkildə müzakirə olunur. Məsələn, norveçli vəliəhd şahzadənin mesajları hüquqi baxımdan əhəmiyyətsiz olsa da, mənəvi mühakiməyə məruz qalır. Almaniyanın "Die Welt" qəzetinin naşiri Ulf Poşardt "hər kəs bu adamla niyə dostluq etdiyini izah etməlidir" deyərək faktiki olaraq "assosiasiya üzrə günah" prinsipini səsləndirib.
Jurnalist Co Noseranın "The Free Press"-də yazdığı kimi, real günahkarla sadəcə müşahidəçi olanların fərqi bəzən "günahkar axtarışının həzzində" itib-batır. Nəticədə bir nəfəri artıq məsuliyyətə cəlb etmək, kimisə "ağartmaqdan" daha rahat görünür. Nəşr sonda vurğulayır ki, sənədlərin dərc olunması siyasi etimad baxımından qaçılmaz idi, çünki işdə həm demokratlar, həm də respublikaçılar, o cümlədən Bill Klinton və Donald Tramp kimi fiqurların adları hallanırdı.
Lakin minlərlə sənədin kontekstsiz şəkildə ictimaiyyətə təqdim olunması ciddi yan təsirlər yaradıb: həm qurbanların, həm də adı keçən şəxslərin şəxsi həyatı zərər görüb. Nəşrin qənaətinə görə, Epşteyn işi ifşanın da sərhədi olduğunu göstərir: faktlar açıqlansa belə, cəmiyyətin hamısını inandırmaq mümkün olmur və bu, ədalət anlayışını daha da mürəkkəbləşdirir.