“Ukraynadakı filmimə görə nüfuzlu mükafat aldım, ömrümü kinostudiyaya bağladım” - rejissorların kəşf edə bilmədiyi Əliqulu Səmədov - ÖZƏL+FOTO
808
09:53, Bu gün

“Ukraynadakı filmimə görə nüfuzlu mükafat aldım, ömrümü kinostudiyaya bağladım” - rejissorların kəşf edə bilmədiyi Əliqulu Səmədov - ÖZƏL+FOTO

“Mənimlə birlikdə universiteti bitirən kurs yoldaşlarım teatrlarda işlədilər, amma “Azərbaycanfilm” kinostudiyasında qalıb çalışan təkcə mən oldum. Teatrda işləyənlərin əksəriyyəti əməkdar və xalq artistləridir. Mən özüm də əməkdar artistəm. Ukraynada iki böyük filmə çəkilmişəm. Bugünlərdə də göstərdilər. Mən hətta “Proyekt Alfa” filminə görə Ukrayna Lenin komsomolu mükafatına da layiq görülmüşəm. Sadəcə olaraq 90-cı illərdə hər şey itib-batdı. Bir balaca fasilə yarandı. Amma baş rollarda da, kiçik rollarda da çəkilmişəm. Bunların bəziləri şəxsi sifarişlə, bəziləri isə dövlət büdcəsi hesabına çəkilib. Fərq etməz. Əsas odur ki, film baxımlı olsun. Necə ki, Emil Quliyevin bu gün çəkdiyi seriallar və filmlər rezonans doğurur”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Əliqulu Səmədov deyib.
 
O daha sonra əlavə edib:
“Kinoya olan sevgimə görə ömrümü “Azərbaycanfilm” kinostudiyasına bağladım. Mən kinoda işləməklə məşhurlaşmaq istəmirdim. Azdan-çoxdan məni tanıyan da var. 17 bədii filmdə mən ikinci rejissor işləmişəm. Amerikanlarla, türklərlə, ruslarla çalışmışam. Hətta kaskadyor kimi də işləmişəm. Ənvər Əblucun İçərişəhərdə filmi çəkilirdi. Dedim ki, bir damın üstündən o tərəfə mən də tullanacam. Ənvər müəllim etiraz etdi. Dedim ki, mən kaskadyorlardan pis tullanıram ki? Tullandım da. Sonra biz aktyorlara icazə vermədilər. Çünki o illərdə tryuk vaxtı aktyorlardan biri dünyasını dəyişmişdi. Amma mənim çox bekar qaldığım illər də olub. Bakı Uşaq və Gənclər teatrında 15 ilə yaxın işlədim, sonra 68 yaşımda təqaüdə çıxdım. Ruhuma, fiziki göstəricilərimə görə teatrda qalıb işləyə bilərdim, amma nazirliyin yaş həddi ilə bağlı əmri var. Bu ədalətli münasibətdir ya yox deyə bilmərəm. Amma qanun varsa hamı üçün olmalıdır. Ola bilər ki, Akademik Milli Dram teatrında yaş həddinə önəm verməsinlər. Amma Bakı Uşaq və Gənclər teatrında bu mümkün deyil. 68 yaşıma kimi mən orada işlədim. Sağ olsun teatrın direktoru İntiqam müəllim. Mən o kollektivi çox sevirəm. Hər zaman ailə kimi olmuşuq. Bu gün seriallarda çəkilirəm. Şükür ki, işim var. Mən kinonu çox sevirəm. İstəyirəm ki, hamı kinoya mənim kimi münasibət bəsləsin. “Azərbaycanfilm” kinostudiyasına yeni rəhbər təyin olunub. Şükür ki, tərpənişlər var və ümid edirik ki, ora təmir olunandan sonra kinosevərlərin ixtiyarına veriləcək”.
 
Əliqulu Səmədov 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında filmlərin sinxron səslərini yazır:
“Tamaşaçılar elə bilir ki, filmlərdəki sinxron səsləri çəkiliş prosesində aktyor özü yazır. Xeyr, bunları film çəkilib qurtarandan sonra biz edirik. Məsələn, ayaq səsləri, ildırım çaxması, yağış yağması, atın ayaq səsləri, qapı səsi və s. Bu bir proses kimi filmlərdə sonradan yazılır. Təəssüf ki, bu peşənin məktəbi yoxdur. Gərək kiminsə yanında öyrənəsən. Mən özüm də bunu kimlərdənsə baxıb öyrənmişəm. 89 filmdə sinxron səslər yazmışam”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər