“Teatrdan məcbur çıxartdılar, deyirlər ki, guya yeriyə bilmirəm” - 88 yaşlı xalq artistindən AÇIQLAMA + ÖZƏL+FOTO
512
09:42, Bu gün

“Teatrdan məcbur çıxartdılar, deyirlər ki, guya yeriyə bilmirəm” - 88 yaşlı xalq artistindən AÇIQLAMA + ÖZƏL+FOTO

“Mən özümü çox yaxşı hiss edirəm. Teatrda da yeni tamaşalar olanda gedib izləyirəm. Başqa bir fəaliyyətim yoxdur. 70 yaşımda məni Sumqayıt Dram teatrından çıxarıblar. İmkan vermədilər işləməyə. Dedilər ki, daha bundan o yana olmaz. Əlbəttə ki, bu bizim həyatımızın paradokslarından biridir. Necə ki, bu yaxınlarda ikinci biri paradoks halla bizi “sevindirdilər”. Baş rejissorları, baş rəssamları, bir sözlə teatrın yaradıcılığına rəhbərlik edən şəxsləri işdən çıxartdılar. Bu açıq-aşkar teatra zərbədir. Belə bir şəraitdə heç işləməyə dəyməz. Mən demək olar ki, teatr həyatından küsmüşəm”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, uzun illər Sumqayıt Dövlət Dram teatrında fəaliyyət göstərən Məzahir Süleymanov deyib.
 
O daha sonra əlavə edib:
“Teatrdan ayrılanda ilk vaxtlar mənim üçün çox çətin idi. Evdə çox darıxırdım. Elə-belə də teatra getmək istəmirdim. Boş-boşuna gedib orada gün keçirməyə dəyməzdi. Hansısa əsərdə bir rol versəydilər gedib oynayardım. Hətta demişdim ki, qonorar da lazım deyil, teatrdan pul istəmirəm. Bu həm teatra yaxşılıq idi, həm də özüm üçün. Görünür bu da bəzi insanları qane etmədi. İmkan vermədilər. Oturmuşam evdə, təqaüdçü həyatı yaşayıram. Özümü yaxşı hiss edirəm. Eynək də taxmıram, qulağım da yaxşı eşidir, ayağımın üstündə möhkəməm. Bəzən yalan xəbərlər yayırlar ki, guya mən yeriyə bilmirəm. Bilmirəm bu yalan xəbərləri kimlər yayır? Əvvəl tez-tez reklam və film çəkilişlərinə dəvət edirdilər. İndi heç o da yoxdur. Görünür onun da qarşısını alıblar. Mənə mane olurlar”.
 
Aktyor bildirib ki, dəfələrlə teatra qayıtmaq üçün müraciətlər edib:
“Bilirəm ki, Valeh teatrda tamaşa hazırlayır. Nəyə görəsə məni hələ dəvət etməyiblər. Bilmirəm məndən qorxurlar yoxsa nədir səbəbi? Vaxtında bəzi problemləri üzə çıxarıb, onların üzünə deyirdim. Neqativ hallara qarşı çox mübarizə aparmışam. Görünür ondan qorxurlar. Gedib onlara yalvarmayacam ki, məni də dəvət edin?! Bir dəfə demişəm. Daha deyən deyiləm”, - deyə görkəmli sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər