Azərbaycan və Latviya XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO
151
12:57, Bu gün

Azərbaycan və Latviya XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Riqada Azərbaycan və Latviya Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Latviya nümayəndə heyətinə isə Latviya Xarici İşlər Nazirliyinin Konsulluq və Diplomatik Məsələlər Direktoratlığının baş direktoru xanım Agnese Kalnina rəhbərlik edib.
 
Latviya nümayəndə heyətində bu ölkənin sərhəd xidməti, o cümlədən miqrasiya idarəsinin nümayəndələri də təmsil olunub. Görüşdə həmçinin Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi də iştirak edib.
 
Vurğulanıb ki, konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün strateji tərəfdaş ölkə olan Latviya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.
 
Danışıqlar zamanı tərəflər konsulluq sahəsi ilə yanaşı ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivləri, əlaqələrin genişləndirilməsi ətrafında da fikir mübadiləsi aparıblar.
 
Daha sonra nümayəndə heyəti Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Kaspars Abolins tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkənin daxili işlər orqanları arasında əlaqələrin genişləndirilməsi və müvafiq sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər