Bizi sosial şəbəkələrdən izləyin:
“Biz Hacıbaba Hüseynovun ailəsi olaraq-şəxsən mən nəvəsi, qızı Sədaqət xanım babamın haqqında bundan sonra icazəsiz istər məqalə yazana, onun haqda istər veriliş, konsert, tədbir, yubiley təşkil edənə qəti sürətdə qadağa qoyuruq. Bu qadağanı kimsə pozarsa biz hüquqi yolla hara lazımdırsa müraciət edəcəyik”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib.
O daha sonra əlavə edib:

“Biz həqiqətən də artıq bu söhbətlərdən yorulmuşuq. Hacıbaba Hüseynov bugünki, dünənki müğənnilərdən, xanəndələrdən deyil. Bunu bilən bilir. Mən heç onun sənətindən danışmıram. Bu haqda danışmaq yersizdir. Babam 35 ildir dünyasını dəyişib, bir də görürsən kimin ağlına nə gəldi ideya irəli sürür. Gündə biri gəlib tədbir keçirir, kimin pulu qurtarır konsert edir. Nə doğum günü deyil, nə də anım günü. Bütün bunlar dövlət tərəfindən də olunmur. Bu baş verənlərdən heç bizim xəbərimiz də yoxdur. İndi kiminsə pulu qurtaracaq, babamın adından istifadə edib konsert təşkil edəcək? Bu qadağanı qoymağa bizi vadar edən başqa səbəblər də var. Orxan Saffarı adlı “yazar” babam haqda bir məqalə yazıb. Bilmirəm onu hansı xanəndələr gizlin şəkildə dəstəkləyib?! Orada yazıb ki, adlarını çəkmək istəmirəm, o sənətkarlar ona deyiblər ki, “axır ki, Hacıbaba haqqında bu sözləri deyən oldu”. Belə çıxır ki, onlar bu yazılan tənqidləri, təhqirləri dəstəkləyiblər! Mən təxmin edirəm onlar kimlərdir. Ömür boyu Qarabağ xanəndələri babamın sağ vaxtında özünün, indi də sənətinin paxıllığını çəkiblər. Çünki onlar babamın sənətindən də, özündən də qorxublar. Mən bunu açıq şəkildə deyirəm. Nə qorxmuram, nə də çəkinmirəm. Mən özüm Mədəniyyət və İncəsənət universitetində təhsil aldığım müddətdə də eşidirdim belə söhbətləri. Onları mənə danışanların bəziləri rəhmətə gedib, bəziləri isə sağdır. Hətta babamın ayağının altını qazanların da kim olduğunu bilirəm. Rəhmətə getsələr də lazım gəlsə onların adlarını hallandıracam. Mənim anam bu vaxta qədər onların ruhuna hörmət etdiyi üçün adlarını çəkməyib. Amma mən deyəcəm. Necə lazımdır, nə cür lazımdır bir də harada belə söhbətlər olsa hamısının adını deyəcəm”, - deyə sənətkarın nəvəsi bildirib.
