“Ağdamdan gətirdiyi torpağı saxlamışam, Arif müəllimi itirəndən xəstə düşmüşəm, bəlkə ora getsəydim sağalardım” - FOTO+ÖZƏL
530
09:17, Bu gün

“Ağdamdan gətirdiyi torpağı saxlamışam, Arif müəllimi itirəndən xəstə düşmüşəm, bəlkə ora getsəydim sağalardım” - FOTO+ÖZƏL

“Sabah Arif müəllimin doğum günüdür. Onu itirən gündən heç özümə gələ bilmirəm. Tez-tez xəstələnirəm, özümü yaxşı hiss etmirəm. Doğum gününü də evdə ailə üzvlərimizlə yığışıb, qeyd edəcəyik. Çox adam dəvət edə bilmirəm. Doğum günlərində başına yığışırdıq, telekanallar onu təbrik edirdi, köhnə lentlərini verirdilər. Sağ olsunlar, hamı zəng edib maraqlanır, başsağlığı verir. Hamı can yandırır, onu yaddan çıxmağa qoymurlar”.
 
Bunu Moderator.az-a açıqlamasında mərhum xalq artisti, xanəndə Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva deyib.
O daha sonra əlavə edib:
 
“Arif müəllimin məzar daşı hazırlanır. Hazırda iş gedir. Yəqin ki, 4-5 ay çəkər. İlinə qədər heykəli qoyulacaq. Arif müəllim Ağdama gedəndə özü ilə torpaq götürmüşdü və vəsiyyət etmişdi ki, dünyamı dəyişəndən sonra məzarımın üstünə səpin. Torpağı hələ saxlamışam. Məzardaşı qoyulandan sonra üstünə səpəcəm (ağlayır)”.
Gültəkin Babayeva Arif Babayevin Ağdamda xatirə muzeyinin yaradılmasından da danışıb:
 
“Ağdamda ev muzeyinin yaradılması ilə bağlı da fikirlər var. Bizə hələ 2 il bundan əvvəl demişdilər ki, Ağdam bərpa olunanda ev muzeyi yaradacağıq. Hələ ki, binalar tikilir, camaatı köçürürlər. Yəqin ki, nə vaxtsa edəcəklər. Hələ ki, bir məlumatım yoxdur. Arif müəllimin evdə bir otaq əşyası var. Muzey yaradılanda hamısını ora verəcəyik. Evimizin əvəzinə bir-iki otaq versəydilər özüm də gedib orada yaşayardım. Vətəndir də. Bəlkə orada sağalaram. Heç cür özümə gələ bilmirəm. Arif müəllim gedəndən sonra da xəstə düşmüşəm”, -  deyə sənətkarın xanımı bildirib.
Link kopyalandı!
Son xəbərlər