"Ukrayna müharibənin hazırkı cəbhə xətti üzrə dondurulmasını mümkün sülh əsası kimi istisna etmir..."
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ prezidenti Donald Tramp onu müharibəni sürətlə başa çatdırmaq üçün həddindən artıq sıxışdırır.
Moderator.az xəbər verir ki, bu barədə o, "axios.com" nəşrinə verdiyi müsahibədə bəyan edib.
Zelenski bildirib ki, Trampın açıq şəkildə Ukraynanı güzəştə çağırması, lakin oxşar çağırışların Rusiyaya yönəlməməsi "ədalətsizdir". Prezident
ümid edir ki, bu yanaşma yalnız taktiki xarakter daşıyır və yekun qərar deyil.
Zelenski qeyd edib ki, amerikalı vasitəçilər Stiv Uitkoff və Cared Kuşnerlə şəxsi təmasları qarşılıqlı hörmət şəraitində keçir və birbaşa təzyiq hiss etmir: "Biz bir-birimizə hörmət edirik. Mən asanlıqla təslim olan insan deyiləm".
Eyni zamanda Tramp son günlər iki dəfə bəyan edib ki, sülh prosesinin irəliləməsi üçün ilk addımı Kiyev atmalıdır. O, Ukraynanın tezliklə danışıqlar masasına əyləşməsinin vacibliyini vurğulayıb.
Güzəştə "yox", cəbhə xəttinə görə dondurma mümkündür
Zelenski müsahibəsində Moskvanın bütün Donbasın ilhaqı ilə bağlı tələblərini qəti şəkildə rədd edib. Onun sözlərinə görə, hətta belə bir razılaşma referendumda səsverməyə çıxarılsa belə, Ukrayna xalqı bunu dəstəkləməyəcək. "İnsanlar bunu emosional olaraq heç vaxt bağışlamaz. Nə mənə, nə də ABŞ-a", o, bildirib.
Prezident əlavə edib ki, ukraynalılar niyə əlavə ərazilərdən imtina etməli olduqlarını anlaya bilmirlər. Bununla yanaşı, Zelenski müharibənin hazırkı cəbhə xətti üzrə dondurulmasının mümkün kompromis variant kimi nəzərdən keçirilə biləcəyini də istisna etməyib. O vurğulayıb ki, davamlı sülh yolu Rusiyaya "qələbə hədiyyə etməkdən" keçmir.
Hazırda Cenevrədə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar davam edir və əsas mübahisə mövzusu Donbas üzərində nəzarət məsələsidir. Zelenskinin mövqeyi isə dəyişməz qalır: birtərəfli ərazi güzəşti mümkün deyil, lakin real vəziyyət nəzərə alınmaqla siyasi həll variantları müzakirə oluna bilər.