Xalq artistlərinə şikəstə həsr olundu: “Kim istəsə götürüb oxuya bilər” - böyük musiqi hadisəsi - FOTO+ÖZƏL
217
10:05, Bu gün

Xalq artistlərinə şikəstə həsr olundu: “Kim istəsə götürüb oxuya bilər” - böyük musiqi hadisəsi - FOTO+ÖZƏL

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalara “Gül” şikəstəsi həsr edilib.
 
Bu haqda Moderator.az-a açıqlamasında Özbəkistanın və Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova məlumat verib:
 
““Gül” şikəstəsinə bəstəkar Nazim Paşa Quliyev 2025-ci ildə start verib. Sözləri də Nazim müəllimindir. Dünən filarmoniyanın səhnəsində gözəl təqdimatı oldu. Həm də Naxçıvanın əməkdar artisti, dirijor Elman Əliyevin 65 illik yubileyi keçirildi. Bu yubileydə bir çox sənətçilər də iştirak etdilər. Bizim “Gül” adlı şikəstəmizin də təqdimatı oldu. Gülyaz xanımla mənə həsr olunan bu “Gül” şikəstəsi bizim səsimizə, ifalarımıza, Azərbaycan musiqi mədəniyyətində göstərdiyimiz xidmətlərə görə bizə həsr olunub. Biz bundan şərəf duyaraq orkestırla “Gül” şikəstəsini xalqımıza təqdim etdik. Çox uğurlu alınıb. Segah üstündə, laylalarımız üzərindən gözəl bir şikəstə yazılıb”
Gülyanaq Məmmədova bildirib ki, bu şikəstəni hər kim istəsə ifa edə bilər:
 
“Biz bir neçə şikəstə oxumuşuq. “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Şirvan şikəstəsi” var. Bilirsiniz ki, bu son zamanlarda iki əsrdir oxunmayan “Kərəmi” şikəstəsini xanımlar arasında illər sonra ilk mən ifa etdim. O da çox maraqlıdır. Çox da uğurla alındı. Gülyaz xanımla birlikdə biz Nazim Paşa Quliyevin “Xocalı”, “İrəvan”, “Naxçıvan” şikəstələrini oxumuşuq. Bunların hər birinin ilki bizim səsimizdə öz əksini tapıb. Dünənki konsertdə bütün iştirakçılar uğurla çıxış etdilər. “Gül” şikəstəsi xüsusi diqqət çəkdi. Düşünürəm ki, ömür elədir ki, nə qədər böyük sənətkarlar gəlib-getdi bu dünyadan, ifaları, avazları qaldı. Dünya əbədi deyil. Gənclərimiz də nə vaxtsa bu şikəstəni oxuyanda deyəcəklər ki, bacılara həsr olunub. Bizə həsr olunan şikəstəni özümüzün ifa etməsi daha maraqlı oldu. Sözlər də, avaz da elə gözəl yazılıb ki, onu hansısa xanəndə də götürüb oxuya bilər. Düzdür, burada yazdan, yanaqdan, güldən, çiçəkdən söhbət gedir. Bizə həsr olunsa belə hər kəs onu öz avazında oxuya bilər. Sözlər fərqli yanaşma ilə yazılıb ki, hər kəs oxuya bilsin”, - deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər