Bizi sosial şəbəkələrdən izləyin:
Neftlə rəsm çəkən ilk rəssam kimi tanınan Sabir Çopuroğlunun vəfat etdiyi bildirilir. Maraqlıdır ki, rəssamın dekabr ayında dünyasını dəyişdiyi deyilsə də, bu xəbər nə mətbuata yansıyıb, nə də aidiyyatı qurumlar tərəfindən paylaşım edilib. Xəbərin doğru olub-olmadığını öyrənmək üçün sənətkara zəng etdik. Onun telefon zəngimizə cavab verməməsi rəssamın ölüm ehtimalını daha da artırırdı. Rəssamın sənət yolunu davam etdirən oğlu Rəhim Çopuroğlu ilə əlaqə saxladıq.
Rəssam Moderator.az saytına açıqlamasında atasının ölüm xəbərini təsdiqləyərək, əlavə etdi:
“Atam dekabr ayının 28-də dünyasını dəyişdi. Daha sonra başımız yas mərasiminə qarışdı, araya yeni il düşdü. Amma yanvar ayının əvvəlində mən Rəssamlar İttifaqına getdim. Orada məlumat verdim ki, atam dünyasını dəyişib. İttifaqdakı lövhəyə atamın dünyasını dəyişdiyi yazıldı. Amma özümüz də mətbuatda yaymadıq. İndi-indi bəzi rəssamlar dostlara deyirlər. Atamın şəkəri, təzyiqi var idi. Evdə ona qulluq edirdik. Amma ölümü qəfil oldu”.
Rəhim Çopuroğlu atasının sənətini davam etdirdiyini bildirib və onun vəsiyyətindən danışıb:
“Atamın sənətini davam etdirirəm. Həm neftlə rəsmlər çəkirəm, həm də rəngkarlıqla məşğulam. Atam da istəyirdi ki, neftlə rəsmlər işləyim və bu texnikanı da mənə vəsiyyət etmişdi. Arzusu, istəyi idi. Deyirdi ki, sən mənim bu sahədə davamçımsan. Gələcəyə ümid edirdi və deyirdi ki, hamı çəkir, amma sən bir başqa çəkirsən”, - deyə o bildirib.
Dünyada boya əvəzinə sırf neftdən istifadə edərək rəsm çəkən ilk rəssam azərbaycanlı Sabir Çopuroğludur. O, fırça istifadə etmədən, yalnız barmaqları və dırnaqları ilə Naftalan və Bakı nefti vasitəsilə 700-ə yaxın əsər yaratmışdır.