Xəbər verildiyi kimi, Şəmkir rayonunda yas mərasimlərinin təşkili ilə bağlı yeni qaydalar qəbul olunub. Rayonda ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. Rayon Ağsaqqallar Şurasının müraciətində sakinlərə yas və dəfn mərasimlərində sadəliyin qorunması tapşırılıb. Məlumata görə, dəfn günü hüzür yerində masaya əza dəftəri qoyulmalı, qonaqlara halva, limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa təqdim edilməlidir.

Həmçinin, 7 mərasimi ilə 3 mərasimi birləşdirilməli, mərhumun yalnız 3-ü keçirilməlidir. Həmin gün də limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək və yuxa verilməsi tövsiyə olunur. Eyni zamanda, adna mərasimlərinin (cümə axşamları) ləğv olunması istənilir. Qaydalara əsasən, vəfat edən şəxsin 40 mərasimində isə limon, qənd, çay, xurma, göy-göyərti, pendir, çörək, yuxa və plov süfrəyə verilməlidir. Qeyd olunub ki, dəfndən sonrakı 2-ci gün və 40 mərasimindən bir gün əvvəl yalnız çay süfrəsi təşkil edilməlidir. Rayon Ağsaqqallar Şurası sakinləri bu tövsiyələrə əməl etməyə çağırıb.
Belə qaydaların digər rayonlarda, paytaxt Bakıda da tətbiqi mümkündürmü? Buna əsas əngəl nədir?
Bu yaxınlarda Tərtərdə bir yas məclisində ehsan süfrəsində hətta kababın verilməsi də böyük rezonans doğurmuşdu. Ümumi narazılıq ondan ibarətdir ki, bəzi hallarda insanlar yas mərasimini keçirmək üçün kredit və ya borc götürməyə məcbur qalırlar. Bir yas mərasiminin xərci bəzən 5-10, 15-20, hətta 50 min manata qədər yüksəlir.
İlahiyyatçı Fərid Abdulla Musavat.com-a bildirib ki, bu məsələ şəriət öhdəliyi deyil, mərhum ailəsinin mütləq təmtəraqlı süfrə açması tələbi də yoxdur.
“Əgər İslam coğrafiyasına baxsaq, görərik ki, bəlkə də biz bu mənada daha çox israf edən şəxslərdənik. Bəzən yas mərasimlərinin keçirilməsi mərhumdan çox onu təşkil edənin adına yazılır və hətta rəqabətə çevrilir. İndiki dövrdə belə bir məclisi keçirmək üçün bəlkə də 2-3 ayın maaşını xərcləmək lazım gələr. Halbuki ənənə belə olmamalıdır. Burada mərhumu yad edənlər bu ailəyə dəstək olmalıdırlar. Belə də olub. Kimsə maddi dəstəklə, kimsə yemək gətirməklə, kimsə ailənin yanında durmaqla. Yəni mənəviyyatın arxa plana düşməsi üzücüdür. Lakin bütün bunlar tövsiyəni keçməməlidir”, - deyə Fərid Abdulla vurğulayıb.

İlahiyyatçı qeyd edib ki, təkcə ümumi zərurət yetərli deyil:
“Kimsə süfrə açırsa, biz ona nə deyə bilərik? Çünki uzun yoldan gələnlər olur. Lakin hər kəs belə etməlidir – deyə bilmərik. Lakin bu süfrələrə müdaxilə etmək bəzən lazım gəlir. İnsanlar bəzən toy mərasimi ilə yas mərasimini qarışdırır, hətta dini ayin icra edənə acıqlanırlar ki, “sən danışma, imkan ver, biz bir yerə yığışıb, deyək-gülək, söhbət edək, yeyib-içək”. Bu isə İslam ruhiyyəsindən tamamilə uzaq bir şeydir. Ona görə də bu məclislər nizamlanmalıdır, mərhumun ailəsini gücə salmamalıdır, xüsusilə də kasıb, kimsəsiz ailələri. Belə məclislərdə mənəvi tərəfi önə çəkmək daha önəmlidir”.
Qeyd edək ki, bir çox müsəlman ölkəsində ehsan – yəni mərhumun ruhuna dua oxutduraraq yemək paylamaq ənənəsi mövcuddur. Türkiyədə, Orta Asiya ölkələrində, Qafqazda və bəzi ərəb cəmiyyətlərində yas zamanı çay süfrəsi açılması, halva və ya sadə yeməklər verilməsi geniş yayılıb. Lakin bu, dini hökm deyil, daha çox sosial və mədəni praktikadır. Əksər ilahiyyatçılar dəbdəbəli süfrələrin təşkilini və israfı dini baxımdan doğru hesab etmirlər.
“3”, “7”, “40” və cümə axşamı mərasimlərinə gəlincə, bu mərasimlər Qurani-Kərim və səhih hədislərdə konkret dini tələb kimi göstərilmir. İslamda ümumi qəbul edilən yas müddəti üç gün hesab olunur. Sonrakı günlərdə mərasim keçirilməsi isə daha çox xalq adətləri ilə bağlıdır. Xüsusilə 40-cı gün mərasimi bir sıra müsəlman xalqlarında mövcuddur, lakin bu, dini yox, tarixi-mədəni ənənə sayılır. Müsəlman dünyasında yas mərasimlərinin dəbdəbə səviyyəsi ölkədən ölkəyə dəyişir. Bəzi ərəb ölkələrində və Türkiyədə mərasimlər adətən daha sadə keçirilir və əsas diqqət Qurani-Kərim oxunmasına yönəlir. Orta Asiya və Qafqaz regionunda isə geniş süfrələr və çoxsaylı qonaqların iştirakı ilə mərasimlər daha geniş formatda təşkil oluna bilir. Bununla belə, dini baxımdan sadəlik, təvazökarlıq və ehtiyacı olanlara yardım prinsipi üstün tutulur. /Musavat.com/