296
12:47, Bu gün

"Gecə boyu Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələr baş verib" - Ukrayna KİV-ləri

 
"Raket və PUA hücumları nəticəsində enerji infrastrukturu zərər görüb..."
 
Fevralın 16-na keçən gecə Rusiya və Ukrayna arasında hava hücumları yenidən intensivləşib. Qarşılıqlı raket və PUA zərbələri nəticəsində bir sıra bölgələrdə dağıntılar və enerji təchizatında problemlər yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Ukraynaya hücum: 68 hava vasitəsi, 54 zərərsizləşdirilən hədəf
 
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində altı raket və 62 müxtəlif tipli PUA olmaqla ümumilikdə 68 hava hücum vasitəsi tətbiq edib. HHM qüvvələri 54 hədəfi, o cümlədən iki ədəd 3M22 "Sirkon" raketini zərərsizləşdirib.
Bildirilir ki, müvəqqəti işğal olunmuş Krımdan dörd ədəd "Sirkon", Bryansk vilayətindən bir ədəd Iskander-M ballistik raketi, Zaporojye vilayətinin işğal altındakı hissəsindən isə bir ədəd Kh-31P buraxılıb. Bundan əlavə, "Shahed", "Gerbera", "İtalmas" tipli PUA-lar müxtəlif istiqamətlərdən havaya qalxıb.
 
Saat 09:00-a olan məlumata əsasən, iki "Sirkon" raketi və 52 PUA məhv edilib və ya radioelektron vasitələrlə sıradan çıxarılıb. Bununla yanaşı, bir raketin və doqquz PUA-nın səkkiz müxtəlif məkana düşdüyü bildirilib. Üç raketlə bağlı məlumat dəqiqləşdirilir. 
 
Hərbi Hava Qüvvələri vətəndaşlara "Təhlükəsizlik qaydalarına əməl edin!" çağırışı edib. Sumı vilayətində yaşayış evlərinə ziyan dəydiyi, Odessada isə PUA zərbələri nəticəsində dəmir yolu və yanacaq sisterninin zədələndiyi açıqlanıb.
 
Belqorodda zərbələr və elektrik kəsintiləri
Eyni gecə Rusiyanın Belgorod şəhəri də Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. Vilayət qubernatoru Vyacheslav Qladkov bildirib ki, şəhər üzərində bir PUA HHM vasitəsilə vurulub, lakin enerji infrastrukturu və bir mənzil zədələnib. "Pepel" Telegram kanalı şəhər və vilayətdə "fanvari" elektrik kəsintilərinin tətbiq edildiyini yazıb.
 
Məlumata görə, Belqorod İstilik Elektrik Mərkəzi və "Frunzenskaya" yarımstansiyası da zərbə alıb. Daha əvvəl, fevralın 13-də də şəhərin istilik elektrik mərkəzinə hücum edilmişdi. Şəhər meri Valentin Demidov enerji infrastrukturuna ciddi ziyan dəydiyini açıqlayıb. Beləliklə, fevralın 16-na keçən gecə hər iki ölkə ərazisində qarşılıqlı zərbələr qeydə alınıb və enerji infrastrukturu yenidən əsas hədəflərdən birinə çevrilib.
Link kopyalandı!
Son xəbərlər