“Zəhərli ilanlara məni dişləməyə şans verməmişəm, qonşular biləndə ki evimdə ilan saxlayıram...” - FOTO+ÖZƏL
337
11:08, Bu gün

“Zəhərli ilanlara məni dişləməyə şans verməmişəm, qonşular biləndə ki evimdə ilan saxlayıram...” - FOTO+ÖZƏL

İlan dünyada ən qorxunc canlı sayılır. Elə bir insan yoxdur ki, bu canlını görəndə qorxub, çəkinməsin. Amma müsahibimiz Anar Cəfərov 20 ilə yaxındır evində ilan saxlayır. O özü də ilanlar haqqında elm-herpetologiya ilə məşğuldur.
 
Moderator.az-a açıqlama verən Anar bildirib ki, evdə ilan saxlaması tədqiqat işləri ilə bağlı olub:
“20 ilə yaxındır ki, ilanlarla məşğuluq. Hal-hazırda sərbəst mütəxəssis kimi işləyirəm, öz tədqiqat işlərimi aparıram. Həm də ilanların tutulub təmizlənməsi ilə məşğulam. Özəl şirkətimiz var. İctimaiyyət arasında təbliğat aparıram ki, ilanları öldürmək olmaz. Zaman-zaman bəzi ilanları evdə saxlamışam. Bu sahəyə gələndən, ilanlara marağım olduğundan ilanın müxtəlif növlərinə sahiblik etmişəm. Əslində bu sahədə daha yaxşı təcrübə aparmaq üçün evdə saxladım. İndi də evdə saxlayıram, düzdür indi əlavə yer də tutmuşam, orada saxlayıram”.
 
O daha sonra əlavə edib:
“15-16 növ ilan olmaqla 30-a yaxın ilanım olub. İşlərim çox olduğundan sonra onların sayını azaltdım. Heyvan da uşaq kimidir, gərək tez-tez yemləyəsən, təmizliyə riayət edəsən. İşlə bağlı olaraq onların sayını azaltdım. Heç də bütün növlər aqressiv deyil, çalışırdım ki, evdə saxladığım ilanlarla mümkün qədər incə rəftar edim. İncə rəftar hiss etdikcə qorxu hiss etmirlər. Qorxu hiss etməyəndə isə aqressiv olmurlar. Təbii ki, bəzən aqressiv olduğu məqamlar da olur. Qabı təmizləyib yuyanda daha aqressiz olur qızıl ilan, dişləyə bilər. Hələ ki, zəhərsiz ilanlar məni dişləyib, o şansı verməmişəm ki, məni zəhərli ilan da dişləsin”.
 
Anar bildirib ki, evdə ilan saxladığı vaxtlarda qonşuları bu məşğuliyyəti ilə xüsusi maraqlanıb:
“Qonşular biləndə ki mən hansı sahə ilə məşğul oluram, maraq göstərən çox olur, maraqlanırlar, gəlib baxırlar, bəzilərini ələ də götürürlər. Təbii ki, zəhərsiz növlərini... Qonşular tərəfindən hələ ki, narazılıq olmayıb. Sadəcə olaraq özüm diqqət edirəm. Nə qədər ağzıbağlı qabda da olsalar ilan azadlığa can atır. Ona görə də ola bilər ki, qaçsın, kimisə qorxutsun. Bunun üçün yerlərini dəyişmişəm, evdə 1-2 ilan qalıb”, - deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər