“Atam Daşqının ölümündən sonra sənətdən uzaqlaşdı, dedi ki, ürəyimdəki nisgillə heç nə oynaya bilmərəm” - FOTO+ÖZƏL
401
11:03, Bu gün

“Atam Daşqının ölümündən sonra sənətdən uzaqlaşdı, dedi ki, ürəyimdəki nisgillə heç nə oynaya bilmərəm” - FOTO+ÖZƏL

“Mən xoşbəxtəm ki, Həsən Turabovun qızıyam. Atamın demək olar ki, bütün tamaşalarına dəfələrlə gedirdim. 1 tamaşaya 5 dəfə gedib baxmışam. Mən atamı dünyalar qədər çox istəyirdim. Atam deyirdi ki, tamaşalara bu qədər gəlmək olmaz. Deyirdim ki, mən tamaşaya gələndə səni aktyor kimi yox, ata kimi görürəm”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Həsən Turabovun qızı Sevinc Turabova deyib.
 
O daha sonra əlavə edib:
“Çox həvəsli idim teatra. İstəyirdim ki, aktrisa olum.  Yaşar Nuriyev teatrda məni görəndə balaca qız idim. Bir gün atama demişdi ki, “Turabov, bu qız aktrisa olacaq, bütün tamaşalarına gəlir”. Atam da demişdi ki, böyüyəndə baxarıq. Məni bu sahədən uzaqlaşdırdı, dedi ki, yox çətin peşədir, sənin üçün deyil. Anam alman dili müəllimi idi. Mənim də müəllim olmağımı istəyirdi. Qardaşlarım da dedi ki, qız nədir, aktrisa nədir? Mən də müəllimliyi seçdim”.
 
Sevinc Turabova bildirib ki, atası ömrünün son illərində bəzi film və tamaşalardan imtina edib. 
“Çox xoşbəxt ailəmiz var idi. Hər şey yaxşı idi. Qardaşım Daşqın rəhmətə gedən sonra həyatımızda hər şey dəyişdi. Demək olar ki, evdəki o xoşbəxtlik Daşqınla getdi. Nənəmgili, atamgili uzunömürlü nəsil idi. Atam tamaşalardan uzaqlaşdı, kinoya çəkilirdi uzaqlaşdı. Onun üçün tamaşalar səhnələşdirilmişdi, dedi ki, ürəyimdəki nisgillə heç nə oynaya bilmərəm. Daşqının ölümü atama böyük dağ çəkdi. Otururdu otaqda, qardaşımın divarda şəkili var idi, baxırdı ona, gözünü çəkmirdi. Qəbir üstünə bizdən gizlin gedirdi. Ürəyindən əməliyyat olunandan sonra biz çalışırdıq ona yaxşı şeyləri deyək, neqativdən uzaqlaşdıraq. Daşqını o qədər çox sevirdi ki, onun ölümündən sonra yaşamadı. Son nəfəsində də Daşqın deyə səsləndi və canını tapşırdı. Onların itkisindən sonra mənim həyatımda böyük bir boşluq yaranıb. Hələ də o boşluq dolmayıb və ömrümün sonuna qədər boş qalacaq”, - deyə sənətkarın qızı bildirib.
Link kopyalandı!
Son xəbərlər