"Kremlin əsas hədəfi informasiya məkanını tam nəzarətə götürməkdir..."
Rusiyada "Telegram", "WhatsApp" və "YouTube" kimi platformalara qarşı məhdudiyyətlərin gücləndirilməsi əsasən informasiya məkanını nəzarət altına almağa hesablanıb.
Moderator.az xəbər verir ki, bu barədə "eurorest.org" nəşri yazıb.
İnformasiya məkanının bağlanması
"Roskomnadzor" bu addımları qanunvericilik tələbləri ilə əsaslandırsa da, ukraynalı siyasətçilər bunun arxasında mümkün etirazların qarşısını almaq məqsədinin dayandığını bildirir.
Ukrayna parlamentinin Azad Söz Komitəsinin rəhbəri Yaroslav Yurçişin hesab edir ki, xüsusilə Moskva və Sankt-Peterburq kimi şəhərlərdə sosial şəbəkələrin məhdudlaşdırılması mexanizmləri sınaqdan keçirilir. Məqsəd - kütləvi aksiyaların koordinasiyasını çətinləşdirməkdir.
Səfərbərlik amili
Ekspertlər ehtimal edirlər ki, məhdudiyyətlər mümkün genişmiqyaslı səfərbəfliklı də bağlı ola bilər. Ukraynalı deputat Aleksandr Merejko vurğulayır ki, Kreml alternativ informasiya mənbələrini ya nəzarətə götürür, ya da bloklayır. Bu, artan narazılığın qarşısını almaq üçün preventiv addım kimi qiymətləndirilir.
Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi İvan Timoçko isə bildirir ki, sosial şəbəkələr həm etiraz qruplarının əlaqəsi, həm də hərbi çağırılanların koordinasiyası üçün vacibdir. Buna görə də onların məhdudlaşdırılması daxili nəzarətin gücləndirilməsi məqsədi daşıyır.
"Ərəb baharı" qorxusu və gələcək risklər
Hakimiyyətin əsas narahatlıqlarından biri 2011-ci ildə "Ərəb baharı" zamanı baş verən ssenarinin təkrarlanmasıdır. O zaman sosial şəbəkələr Tunisdən başlayaraq Misir və Liviya kimi ölkələrdə rejim dəyişikliklərinə təkan vermişdi.
Bununla belə, ekspertlər qeyd edir ki, sosial şəbəkələr yalnız alətdir. Əgər sosial-iqtisadi gərginlik dərinləşərsə, narazılıq bloklamalardan asılı olmayaraq üzə çıxa bilər. Hazırkı addımlar isə daha çox Kremlin daxili sabitliyi qorumaq və mümkün riskləri qabaqlamaq cəhdinə bənzəyir.