Tanınmışlar “Qarabağ” - “Nyukasl” oyununa gedəcəkmi?
260
15:03, Bu gün

Tanınmışlar “Qarabağ” - “Nyukasl” oyununa gedəcəkmi?

UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Nyukasl” (İngiltərə) oyununun biletləri dünəndən etibarən satışa çıxarılıb.

Klubun mətbuat xidməti xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın standart biletlərinin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manatdır. VIP sektorlar: 200, 250, 300 və 400, VVIP sektorların qiyməti isə 1000 manatdır. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Qeyd edək ki, matç fevralın 18-də keçiriləcək və saat 21:45-də başlayacaq.

Bəs “Qarabağ”ın tanınmış azarkeşlərindən bu mühüm oyunu izləməyə gedən olacaqmı?

Deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında oyunu evdən izləyəcəyini bildirib:

"Oyunu televiziyadan izləyəcəm. Amma bütün formalarda "Qarabağ"ı dəstəkləyirik. Hesab edirəm ki, bu dəstəyimiz bütün platformalarda bundan sonra da davam edəcək".

Deputat Arzuxan Əlizadə də oyunu evdən izləyəcək:

"Oyunlara hərdən gedib baxırıq. Amma bu dəfəki oyuna gedə bilməyəcəm. Evdən izləyəcəyik. Ümid edirik ki, bu dəfə də"Qarabağ" uğurunu davam etdirəcək. Amma istənilən halda stadiondan oyunu izləmək başqadır. Möhtəşəm atmosfer yaradır. Dediyim kimi, əvvəlki oyunlarda stadionda olmuşam. Oğullarım da futbol azarkeşləridir və "Qarabağ"ın oyunlarına gedirlər. Bu dəfə belə qərara gəlmişik ki, oyunu evdən izləyəcək".

Qanunverici orqanın digər üzvü Elçin Mirzəbəylinin isə stadiona getmək planı var:

"Bakıda olsam və hava şəraiti imkan versə, çox güman ki, oyunu stadiondan izləyəcəyəm. Onu də deyim ki, futbol azarkeşi deyiləm. Futbola yalnız "Qarabağ"a görə baxıram".

Azad Vətən Partiyasının sədri Akif Nağını tez-tez "Qarabağ"ın oyunlarında görmək mümkündür:

""Qarabağ" hələ o qədər də məşhurlaşmadığı dövrlərdə qar-yağışda, boranda, stadionun heç 10 faizi dolmayanda mən klubumuzun oyunlarına getmişəm. Bunu özümə borc bilmişəm. Amma indi yaş da müəyyən qədər təsir etməmiş deyil. Başqa amillər də var. Ona görə də daha çox indi evdə oturub izləməyi xoşlayıram. Çox həyəcanla oyunları izləməyi sevirəm. Əvvəllər heç vaxt belə həyəcan keçirmirdim. Amma indi həlledici, vacib oyunlardır. "Qarabağ" artıq dünyada məşhur komandadır. Əvvəllər uduzanda da deyirdim ki, yaxşı oynadı. Amma indi yaxşı oynamağı öz yerində, bütün hallarda nəticə gözləyirəm".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər