Bizi sosial şəbəkələrdən izləyin:
“Mikayıl Müşfiqin Dilbər xanımla birgə yaşadığı küçə indi atam, şair Yunis Dağlının adını daşıyır. Biz ora bir qara mərmərin üstünə yazıb qoymuşduq ki, bilsinlər Müşfiq vaxtilə burada yaşayıb. Sonra elə oldu ki, o məhəllə plana düşdü və evlər söküldü. Daşı da götürüb kənara atdılar. Hamı bilir ki, orada ikimərtəbəli evdə Müşfiq yaşayıb. Müşfiqin atası Əbdülqədirin evidir. Sonradan o ev kiməsə satılıb yaxud da verilib. Bizim ondan xəbərimiz yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis Dağlının qızı Reyhanə İsmayılzadə deyib.
O daha sonra əlavə edib:
“Mirzə Əbdülqədir və Əbdülcavad iki qardaş olublar. Müşfiqin atası Əbdülqədir tez rəhmətə gedib. Müşfiqi bir müddət sonra aparıblar Xızıya, sonra yenidən Bakıya gəlib. Ona mənim babam Əbdülcavad baxıb. Əbdülcavad onu öz oğullarından ayırmayıb. Babam tək Müşfiqə yox, onun qardaşı Mirzəyə də, bacıları Böyükxanım və Balacaxanıma da baxıb. Böyükxanım ailəli olub, Balacaxanım da yeni ailə həyatı qurub. Müşfiqin güllələndiyini eşidən Böyükxanım özünü yandırıb. Balacaxanımı, Dilbəri isə həbs edərək sürgün ediblər. Qardaşı Mirzə isə itkin düşüb. Mənim əmilərim itkin düşüblər. Atamı isə 16 yaşında Sibirə sürgün ediblər. Heç birinin məzarı yoxdur. Nəsili məhv ediblər. Biz bir qığılcım qalmışıq”.
Reyhanə İsmayılzadə bildirib ki, Sovet illərində Mikayıl Müşfiqin qohumu olduqlarını hər kəsdən gizlədiblər:
“Atam Sibirdən salamat qayıdıb. O da bizə görə qorxurdu. Mən instituta daxil olmuşdum. 21 gün dərsə getmişdim, amma məni institutdan çıxartdı. Dedi ki, “qızım, biləcəklər Müşfiqin qohumusan, səni incidəcəklər”. Sovet rejimindən atam çəkinirdi. Bir Balacaxanım bibinin qəbri var. O mənimlə atamın qucağında keçinib. Mən o vaxt 8-ci sinifdə oxuyurdum. Bu nəsildə mənimlə böyük qardaşım Vahab İsmayılzadə çox şeyi bilir və ara-sıra bölüşürük. Allah Vahabı mənə çox görməsin”, - deyə Reyhanə İsmayılzadə bildirib.