439
13:28, Bu gün

"Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib" - Ukrayna KİV-ləri

 
"Ballistika, "Shahed"lər və yeni taktika fonunda genişmiqyaslı hücum..."
 
Fevralın 12-nə keçən gecə Rusiya ordusu Ukraynaya qarşı növbəti genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı ballistik raketlər və yüzlərlə pilotsuz uçuş aparatı tətbiq olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri bildirib ki, ümumilikdə 24 ədəd "İsgəndər-M" və "S-300" tipli ballistik raket, bir ədəd "X-59/69" idarəolunan aviasiya raketi və 219 zərbə PUA-sı buraxılıb. Onların təxminən 150-si "Shahed" tipli dronlar olub. Raketlər Rusiya ərazisindəki müxtəlif vilayətlərdən və müvəqqəti işğal olunmuş Krım istiqamətindən atılıb, dronlar isə bir neçə fərqli bölgədən havaya qalxıb. 
 
Əsas hədəflər Kiyev, Xarkov, Dnepr və Odessa şəhərləri olub. HHM qüvvələri 213 hava hədəfinin məhv edildiyini və ya radioelektron mübarizə vasitəsilə zərərsizləşdirildiyini açıqlayıb. Buna baxmayaraq, bir neçə raket və onlarla PUA hədəfə çatıb, bəzi ərazilərdə isə vurulan hədəflərin qalıqları düşüb. Hücum səhər saatlarınadək davam edib.
 
Kiyev, Dnepr və Odessa zərbə altında
Kiyevdə ballistik raket zərbələri nəticəsində yaşayış və qeyri-yaşayış obyektlərinə ziyan dəyib. Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, iki nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir. Şəhər hərbi administrasiyası yaralılardan birinin 45 yaşlı kişi, digərinin isə 20 yaşlı qadın olduğunu açıqlayıb.
 
Dneprdə də partlayışlar qeydə alınıb, fərdi evlər və avtomobillər zədələnib, yanğınlar baş verib. Ümumilikdə dörd nəfər yaralanıb. Onların arasında bir aylıq körpə və 4 yaşlı uşaq da var. Körpənin vəziyyəti orta ağır qiymətləndirilir.
 
Odessada dron hücumu yaşayış binalarına və enerji infrastrukturuna zərər vurub. Çoxmərtəbəli bina, bazar və supermarket dağıntıya məruz qalıb, şəhərin bir hissəsi işıqsız və susuz qalıb.
 
Kiyevdə kritik infrastruktur obyektlərinə zərbələr nəticəsində minlərlə bina istiliksiz qalıb. Xüsusilə bir neçə rayonda vəziyyət ağır olaraq qalır. Kommunal xidmətlər bərpa işlərini davam etdirir.
 
Yeni taktika: "Gerbera" daşıyıcı dron modeli
"Forbes" nəşrinin məlumatına görə, Rusiya pilotsuz aparatların tətbiqində yeni yanaşmanı sınaqdan keçirir. Əvvəllər əsasən aldadıcı hədəf kimi istifadə olunan "Gerbera" tipli dronlar indi FPV zərbə aparatlarının daşıyıcısı kimi tətbiq edilir.
 
Qanad açıqlığı təxminən 2,4 metr olan bu nisbətən ucuz aparat yüzlərlə kilometr məsafəyə kiçik FPV dronlarını daşıyaraq havada buraxa bilir. Bu, qısa uçuş məsafəsinə malik FPV-lərin imkanlarını genişləndirir. Bildirilir ki, bəzi "Gerbera"lar Çin istehsalı radio modulları ilə təchiz edilir və bu sistem dronlar arasında şəbəkə əlaqəsi yaradaraq rabitə məsafəsini artırır.
Ekspertlər hesab edir ki, kiçik döyüş başlıqlı FPV-lər tanklar, radar sistemləri və sursat anbarları üçün ciddi təhlükə yaradır. Bununla belə, əsas risk daşıyıcı dronların hədəf zonasına çatmamış HHM tərəfindən vurulmasıdır. Ukrayna tərəfi artıq "Shahed" və "Gerbera" tipli aparatların böyük hissəsini zərərsizləşdirmək qabiliyyətinə malik olduğunu bəyan edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər