"Hava zərbələri nəticəsində yaşayış evləri dağıdılıb, ölən və yaralananlar var..."
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, fevralın 11-nə keçən gecə Rusiya Ukrayna ərazisinə qarşı növbəti kütləvi hava hücumu həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, ümumilikdə 129 hava hücum vasitəsi, əsasən də zərbə tipli pilotsuz uçuş aparatları tətbiq olunub. Hücumlar Bryansk, Kursk, Millerovo, Primorsko-Axtarsk (Rusiya), eləcə də müvəqqəti işğal altında olan Donetsk istiqamətlərindən həyata keçirilib.
Buraxılan aparatların təxminən 80-i "Shahed" tipli dronlar olub. Bundan başqa, "Gerbera", "İtalmas" və digər növ PUA-lardan istifadə edildiyi bildirilir. Ukrayna tərəfinin ilkin məlumatına əsasən, HHM qüvvələri düşmənin 112 pilotsuz aparatını məhv edib və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirib.
Hava hücumunun dəf edilməsində aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə bölmələri, pilotsuz sistemlər və mobil atəş qrupları iştirak edib. Buna baxmayaraq, 15 zərbə dronunun 8 müxtəlif məkana düşdüyü qeydə alınıb. Hərbi Hava Qüvvələri hücumun davam etdiyini və hava məkanında hələ də bir neçə düşmən PUA-sının qaldığını bildirərək vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Boqoduxovda faciə: üç azyaşlı uşaq və ata həlak olub
Xarkov vilayətinin Boqoduxov şəhərində Rusiya dronunun fərdi yaşayış evinə düşməsi ağır nəticələrə səbəb olub. Vilayət rəhbərliyinin məlumatına görə, dağıntılar altından 34 yaşlı kişinin və üç azyaşlı uşağın – iki bir yaşlı oğlan və iki yaşlı qızın meyitləri çıxarılıb. Sonradan bildirilib ki, həlak olan kişi uşaqların atasıdır.
Hücum zamanı 35 yaşlı hamilə qadın və 74 yaşlı qadın da yaralanıb. Onlara tibbi yardım göstərilir. Hadisə yerində xilasedicilər, kinoloqlar, istehkamçılar və psixoloqlar işləyib. Dağıdılan evdə baş verən yanğın təxminən 60 kvadratmetr sahəni əhatə edib.
Bundan əvvəl də Boqoduxov şəhəri dron hücumuna məruz qalıb. Fevralın 9-da baş verən zərbə nəticəsində bir qadın və 10 yaşlı oğlan həlak olub.
Zaporojye və digər istiqamətlərdə zərbələr
Zaporojye vilayətinin Volnyansk şəhəri də hücumlara məruz qalıb. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, gecə saatlarında dron zərbələri nəticəsində fərdi evlər dağıdılıb və zədələnib. 19 və 77 yaşlı iki qadın yaralanıb.
Ukrayna tərəfi bildirir ki, Rusiya son həftələrdə mülki infrastruktura qarşı dron hücumlarını intensivləşdirib. Xarkov vilayətində və digər istiqamətlərdə cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Yerli hakimiyyət orqanları əhaliyə hava həyəcanı siqnallarına ciddi yanaşmağı və sığınacaqlardan istifadə etməyi tövsiyə edir.