Bakıda daha bir ərazidə yeni yol çəkiləcək - Tıxacları aradan qaldıracaq
223
12:46, Bu gün

Bakıda daha bir ərazidə yeni yol çəkiləcək - Tıxacları aradan qaldıracaq

Bakının nəqliyyat infrastrukturunda mühüm dəyişiklik vəd edən yeni avtomobil yolu layihəsi gündəmdədir. 

Mir Cəlal küçəsindən Biləcəri qəsəbəsi istiqamətində çəkilməsi nəzərdə tutulan yeni yol artıq layihələndirmə mərhələsinə daxil olub.

Məlumata görə, söhbət 9-cu mikrorayon ərazisindən Biləcəriyə birbaşa çıxışı təmin edəcək yeni avtomobil yolundan gedir. Layihənin 2030-cu ilə qədər tam yekunlaşdırılması planlaşdırılır. Yolun tikintisinə isə Yeni Yasamal ərazisində Məhəmməd Xiyabani küçəsində inşa olunacaq tunelin tamamlanmasından sonra başlanacağı gözlənilir.

Yeni magistralın əsas məqsədi Bakı-Sumqayıt avtomobil yolundakı sıxlığı azaltmaq və şəhərin şimal-qərb istiqamətində nəqliyyat axınını balanslaşdırmaqdır. Bu yol istismara verildikdən sonra sürücülər üçün alternativ marşrut formalaşacaq və pik saatlarda yaranan tıxacların qarşısı qismən alınacaq.

Hazırda yolun dəqiq keçdiyi xətt açıqlanmasa da, iki əsas variant müzakirə oluna bilər. Birinci variant meşəlik ərazidə mövcud olan yolun davamında təpəlik hissədən keçməklə 9-cu mikrorayona yeni yolun çəkilməsidir. İkinci variant isə fərdi yaşayış evlərinin yerləşdiyi ərazidən yolun salınmasını ehtiva edir ki, bu halda bəzi tikililərin sökülməsi qaçılmaz ola bilər.

Qərarın hansı variant üzərində veriləcəyi layihələndirmə işlərinin yekun mərhələsində məlum olacaq. Hər iki halda, yeni yolun paytaxtın nəqliyyat xəritəsində əhəmiyyətli rol oynayacağı və şəhərdaxili hərəkətin daha rahat təşkilinə töhfə verəcəyi gözlənilir. /Baku.ws/

Link kopyalandı!
Son xəbərlər