Son dövrlər Azərbaycanda qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq edilmiş qaydaların icrasında ciddi uyğunsuzluqlar müşahidə olunur. Mövcud qəbiristanlıqların bir qisminin hüquqi statusu, hansı qurumun balansında olduğu və faktiki olaraq kim tərəfindən idarə edildiyi aydın deyil.
Bu problem Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov tərəfindən Regional məsələlər komitəsinin iclasında da gündəmə gətirilib.
Deputat bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı bildirib ki, hazırkı qaydalar əsasən yeni salınan qəbiristanlıqlara şamil olunur, lakin bir sıra mövcud qəbiristanlıqlar anlaşılmaz şəkildə bələdiyyələrin üzərinə ötürülür.
Bəs bu proses hansı hüquqi məntiqə əsaslanır, qəbiristanlıqlara nəzarət kimdə olmalıdır və ən əsası - dəfn prosesi niyə vətəndaş üçün getdikcə daha ağır maliyyə yükünə çevrilir?
Məlumat üçün bildirək ki, 29 dekabr 2017-ci ildə qəbul edilən qanun dəyişikliyi ilə “Bələdiyyələrin statusu haqqında” Qanuna qəbiristanlıqların saxlanılması, idarə edilməsi və köçürülməsi ilə bağlı əlavə səlahiyyətlər daxil edilib. Bu dəyişikliklərin icrasını təmin etmək məqsədilə Prezidentin 18 yanvar 2018-ci il tarixli fərmanına əsasən, Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Eyni zamanda dəfn sahəsində uçot və nəzarət dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Qəbiristanlıqların reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Dəfnlərin vahid dövlət reyestrinə isə Ədliyyə Nazirliyi cavabdehdir. Bu reyestrdə dəfn olunmuş şəxslər, qəbiristanlıqlar və qəbir yerləri barədə məlumatlar, eləcə də reyestrin aparılması ilə bağlı xidməti məlumatlar toplanır.

“AĞ Partiya” başqanı Tural Abbaslı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Məsələ hansı aspektdən qaldırılıb və konkret olaraq nə demək istənilib – bunu dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, bələdiyyələr böyük məmnuniyyətlə həmin qəbiristanlıqları öz balanslarına almaq istəyərlər və onları əlavə gəlir mənbəyinə çevirməyə çalışarlar. Faktiki olaraq bu gün də bu vəziyyət mövcuddur. Bu gün Azərbaycanda, xüsusən də Bakıda, təəssüflə qeyd etməliyik ki, dünyasını dəyişən şəxsin ailəsinin maddi imkanı yoxdursa, onun dəfn olunması ciddi problemə çevrilir. Demək olar ki, istənilən qəbiristanlıqda, istənilən bir insanın dəfn edilməsi üçün “qəbir yeri” adı altında bu və ya digər formada insanlardan müxtəlif məbləğlərdə pullar toplanılır. Bu məbləğlər bəzi hallarda 500 manatdan başlayır və Bakı ərazisində bir qəbir yeri üçün 20–25 min manata qədər yüksəlir. Bu isə artıq təəssüf ki, dəfn prosesinin faktiki olaraq biznesə çevrildiyini göstərir.
Mən də hesab edirəm ki, dəfn prosesi – mütləq şəkildə nizama salınmalı və müəyyən qaydalara tabe olmalıdır. Mövcud qanunvericilikdə bununla bağlı hansı müddəaların nəzərdə tutulduğunu dəqiq bilməsəm də, maraqlıdır ki, dünya praktikasında insan dünyasını dəyişdikdə onun dəfn prosesinin bələdiyyələrin üzərinə düşməsi praktikası mövcuddur.
Hazırda insanın maddi durumundan asılı olmayaraq, bir çox ölkələrdə bələdiyyələr prosesə müdaxilə edir, mərhumun nəşi götürülür, bütün dini ayinlər həyata keçirilir və dəfn prosesi təmin olunur. Yəni bizdə də bu cür olmalıdır. Axı bələdiyyələr mövcuddur, onlara səlahiyyətlər verilir, bələdiyyələr vergi yığırlar. Heç olmasa insanın son mənzilə yola salınması mərhələsində bələdiyyələr, ümumilikdə isə dövlət qurumları vətəndaşlara dəstək göstərsinlər, onlara kömək olsunlar”.
Qəbiristanlıqlarla bağlı məsələyə, qəbirüstü abidələrin qoyulmasına gəldikdə, Tural Abbaslı qeyd edib ki, bu sahədə hazırda ciddi xaotik vəziyyət mövcuddur və bu, mütləq şəkildə qaydaya salınmalıdır:
“Amma narahatlığım ondadır ki, sabah hansısa deputat çıxıb bununla bağlı qanun layihəsi təqdim edəcək və nəticədə elə bir mexanizm yaradılacaq ki, yenə də vətəndaşın cibindən əlavə pul çıxarmağa başlayacaqlar. Ya rüşvətə yol açılacaq, ya da başqa sui-istifadə hallarına zəmin yaranacaq. Bu, düzgün yanaşma deyil. Bu məsuliyyət sırf dövlətin üzərinə düşməlidir. Düşünürəm ki, dövlət dəfn prosesi ilə bağlı bütün xərcləri və öhdəlikləri tam şəkildə öz üzərinə götürməlidir. Qəbiristanlıqların ayrılması, yerlərin müəyyən olunması isə ərazi üzrə əhalinin sıxlığına, insanların qeydiyyatda olduğu ünvanlara və ya doğulduqları yerlərə əsasən tənzimlənə bilər. Bu, məncə, geniş ictimai müzakirə tələb edən bir mövzudur. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda, xüsusən də Bakıda bu sahə biznes maraqlarına çevrildiyi üçün qəbiristanlıqlarla bağlı xaotik vəziyyət bu gün də davam edir”.