Qurban Qurbanov Azərbaycan futbolu üçün yeni mərhələ başlatdı - Gənc oyunçu ABŞ-də...
322
14:50, Bu gün

Qurban Qurbanov Azərbaycan futbolu üçün yeni mərhələ başlatdı - Gənc oyunçu ABŞ-də...

Son 15 ildə “Qarabağ” klubu təkcə yaşıl meydanlarda Azərbaycanı uğurla təmsil etmir, eyni zamanda, yerli-gənc futbolçuların karyeralarını ölkə xaricində davam etdirməyə böyük töhfələr verməkdədir. Heç şübhəsiz ki, bu da futbol tariximizin ən böyük uğurlarından biri kimi qəbul olunmalıdır. Artıq daha bir gənc futbolçumuz xarici ölkəyə getməyə hazırlaşır. Həmin yerli oyunçumuz bəzən ciddi tənqidlərə tuş gəlsə də, şübhəsiz, Azərbaycan futbolunun son illərdə yetişdirdiyi perspektivli hücumçulardan biri olan Nəriman Axundzadədir. O, karyerasının artıq ən mühüm nöqtəsini keçdi. “Qarabağ” klubunun yetirməsi ABŞ-nin MLS liqasında çıxış edən “Kolumbus Kru”ya transfer olundu.

Bununla bağlı artıq “Qarabağ” komandası rəsmi açıqlama da yayıb.

Bütün bunlar bir daha onu göstərir və dəfələrlə xatırlatmaq yerinə düşər ki, əfsanəvi baş məşqçimiz Qurban Qurbanov təkcə meydandakı nəticələri ilə deyil, gənc futbolçuların beynəlxalq arenaya çıxarılmasında da uğurlu strategiya yürüdür.

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında deyib ki, Nərimanın ABŞ-yə transferi çox yaxşı xəbərdir:

“Bu, ölkə futbolunun təbliğinə, eyni zamanda, milli komandamızda keyfiyyətin artımına təkan verəcək. “Qarabağ”da ehtiyatda oturan Axundzadə orada daha çox oynayacaq, təcrübə toplayacaq və yığmamıza daha çox xeyir vermək imkanı qazanacaq. Hələ 22 yaşı var, potensiallıdır, eyni zamanda, yetərincə böyük matçlar, böyük turnirlər təcrübəsi var. ABŞ Liqası yaxşı liqadır, oranı izləmək də maraqlı olacaq.

“Qarabağ”a isə əhsən. Bu günə qədər legioner sata bilirdisə, indi yerlilərlə transfer bazarına çıxır. Klub bu yolla həm özü qazanır, həm də futbolumuza xeyir verir. Buna görə Ağdam təmsilçisini ancaq alqışlamaq olar. Ötənlərdə Mahir Emreli, Musa Qurbanlı məsələləri var idi, indi də Nəriman gedir. Toral və Elvin də bu “qatar”a qoşula bilər. Bizə isə onlara yalnız uğurlar diləmək qalır”.

Link kopyalandı!
Son xəbərlər