“Bəxt üzüyü” filmində Seda roluna o çəkiləcəkmiş: “Vaqif Səmədoğlu bunu istəyirdi, gedə bilmədim” - FOTO+ÖZƏL
332
09:33, Bu gün

“Bəxt üzüyü” filmində Seda roluna o çəkiləcəkmiş: “Vaqif Səmədoğlu bunu istəyirdi, gedə bilmədim” - FOTO+ÖZƏL

“Bəlkə də bir çoxları bilmir ki, “Bəxt üzüyü” filmi ekran əsərindən öncə tamaşa olub. Bu tamaşa ilk dəfə 1984-cü ildə Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilib. Əsərin müəllimi Vaqif Səmədoğludur. Tamaşada da, filmdə də Moşu obrazını mən oynamışam. O tamaşada çıxış edən sənətkarların çoxu sağdır. Həmin tamaşanı bərpa edib, yenidən nümayiş etdirmək olar. Heydər Əliyev adına sarayda bu tamaşanı göstərsələr, vallah biletlərin hamısı satılar. Bunun üçün bir yaxşı menecer lazımdır. Adamın içində sənət yanğısı sönmür, sənətdən doymursan”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov bildirib.
O daha sonra tamaşada Seda rolunda oynayan aktrisa Yasəmən Malikdən də danışıb:
 
“Bu rol üçün bir neçə aktrisa dəvət etmişdilər. Yaxşı alınmırdı. Yasəmən səhnəyə çıxdı, 1-2 məşq edəndən sonra hamımız ona heyranlıqla baxdıq. Tamaşanın rejissoru Yusif idi. Dedim ki, Yusif, elə budur da. Rejissorun da xoşu gəldi, bizim də. Yasəmən səhnədə elə də çox şey etmirdi.. Özü necə idisə elə də hərəkət edirdi. Çox gülürdü.. Seda rolunun xarakterinə uyğun idi”, - deyə sənətkar bildirib.
 
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası olan Yasəmən Malik bildirib ki, əsərin müəllifi Yusif Səmədoğlu onu filmdə də Seda roluna çəkmək istəyib, lakin...
“Vaqif Səmədoğlu istəyirdi ki, filmdə də Seda roluna mən çəkilim. Amma alınmadı. O vaxt ana olmağa hazırlaşırdım, mümkün deyildi. Ona görə də gedə bilmədim. Peşman olmadım. Bir az peşman olan adam deyiləm. Nə edirəmsə düşünürəm ki, o anda ora qədərini edə bilmişəm. Gücüm buna çatıb. Biz o illərdə universitetdən çıxıb teatra gəlmişdik. Gələn kimi mənə “Dədə Qorqud” tamaşasında ana rolunu vermişdilər.. Məşqlər edirdim. “Bəxt üzüyü” tamaşasında da bir qız, bir də mən məşq edirdik. Əsasən fakturamızı nəzərə almışdılar. Onlar həmin qızla məşq edirdilər. Mən “Dədə Qorqud” tamaşasındakı məşqimi bitirən kimi o biri tamaşanı məşq etməyə çağırırdılar. Səhnəyə çıxdım, birinci pərdəni məşq etdik. Valeh səhnəyə çıxıb dedi ki, “aktrisa belə olar, yoxsa qalmışdıq belə..” Ondan sonra da başladıq oynamağa. Mən əziyyət çəkmədim orada. Xalq artisti Sabir Məmmədovla biz birlikdə dublyajda görüşürdük. O da bu tamaşada Hüseyn rolunu oynayıb. Görüşəndə deyirdik ki, biz axı orada xüsusi heç nə etməmişik. Sabir deyirdi ki, gör məşq etsəydik necə oynayardıq?! Siz təsəvvür edirsiniz ki, bizi küçədə bu rollarla tanıyırdılar. Tamaşaya baxanlar deyirdilər ki, səhnə variantı daha güclü idi”, - deyə aktrisa bildirib.
 
Yasəmən Malik bildirib ki, xalq artisti Valeh Kərimovun 70 illik yubileyində bu tamaşanı yenidən oynayıblar:
“Çox təəssüf ki, bu tamaşanı ikinci dəfə oynadığımız görüntülər qalmayıb. Amma birinci tamaşa yutuba yerləşdirilib. Mən o vaxt Musiqili Komediya teatrında çalışırdım. Məni də dəvət etdilər, Afaq xanımı da. Valeh müəllimin yubileyində çox gözəl oynadıq. Xoşumuza da gəldi. O enerji, tamaşanın gücü qalmışdı. Əlbəttə ki, bu tamaşanı bu gün də oynaya bilərik. Mənim üçün də xoş olar. Keçmiş tamaşalara qayıdanda xatirələr oyanır. Pis şeylər yada düşmür, yaxşı şeylər yada düşür”.
 
Bugünlərdə 60 illik yubileyini qeyd edən aktrisa doğma kollektivinin onu diqqətdə saxladığını bildirib:
“Doğum günümü əlbəttə ki, doğma adamlarla, mənən mənə yaxın olan əziz adamlarla keçirməyi sevirəm və keçirirəm. Qızım gələndə mənim üçün ikiqat bayram olur. Ən yaddaqalan ad günlərim qızım Türkiyədən Azərbaycana yanıma gələndə olub. O ad günləri heç vaxt unudulmur. Həmin ərəfədə doğum günümü bir neçə əziz dostumla birlikdə dəniz sahilində qeyd etmişik. Dəniz də bizim sevincimizə şərik olub. Mən dənizi çox sevirəm. Baxmayaraq ki, qışda anadan olmuşam, amma biz belə günləri dənizlə üzbəüz keçirməyi sevirik. Bəzən də ad günümü işimlə əlaqədar olaraq dublyajda, teatrda keçirmişəm. Bu doğum günümü də teatrda qeyd etdim. Məşq prosesində doğum günümü kollektiv qeyd etdi. Yaradıcı insanlarla, aktyor-aktrisalarla birlikdə oldumm. Başda teatrımızın direktoru sevimli Naidə xanım İsmayılzadə olmaqla bütün kollektivimizə və Teatr Xadimləri İttifaqının sədri hörmətli Hacı İsmayılova, sədr müavini əziz Azad Şükürova bu ad günümdə - yubileyimdə yanımda olduqları üçün, məni ürəkdən sevindirdikləri, kövrəltdikləri üçün təşəkkür edirəm! Onlar ünvanıma xoş sözlər dedilər. Özüm də xoş ünsiyyəti, xoş münasibət göstərməyi sevirəm. Mənə də göstərəndə çox məmnun qalıram. Elə adam var deyir ki, ad günümdür, yaşlanıram, kədərlənirəm. Məndə tamamilə əksinədir. Mən ad günümdə çox şən, xoşbəxt oluram. Mənə əksinə elə gəlir ki, daha da gəncləşirəm. Düzdür, illər üzümüzdə, gözümüzdə, cizgilərimizdə, sağlamlığımızda iz buraxır, amma bu həyatın qanunudur, məncə olmalıdır da. Kədərlənməyə dəyməz”, - deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər