ABŞ-ın Bakıdakı səfir yeri niyə 2 ildir boşdur? – TƏK SƏBƏB 
205
14:10, Bu gün

ABŞ-ın Bakıdakı səfir yeri niyə 2 ildir boşdur? – TƏK SƏBƏB 

ABŞ David Alleni Ermənistana müvəqqəti işlər vəkili təyin edib.

Bu barədə Birləşmiş Ştatların Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, İrəvandakı səfir Kristina Quinnin ötən ay Ermənistanda səlahiyyət müddəti başa çatıb. Devid Allen isə 2024-cü ildən ABŞ-ın İrəvandakı səfirliyində missiya rəhbərinin müavini vəzifəsini tutub.

Məlumat üçün onu da bildirək ki, ABŞ-ın Azərbaycandakı səfir postu iki ildir boş qalır. Görəsən niyə, əsas əngəl nədir? Azərbaycan kimi bölgənin açar və dost ölkəsinə ABŞ səfir göndərməyə niyə tələsmir? Mümkündürmü ki, Ermənistanla eyni vaxtda Bakıya da səfir təyinatı olsun?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında bu təyinatın tezliklə baş tutacağından söz açıb: “ABŞ-ın Azərbaycana yeni səfirini hələ də göndərməməsinin səbəbləri barədə konkret fikirlər söyləmək çətindir. Bununla bağlı nə ABŞ Dövlət Departamentinin, nə də ki, Azərbaycan Xarici İşlər Nazirliyinin hər hansı açıqlamasını görmüşəm. Amma iki ilə yaxındır ki, Bakıda ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri yoxdur. Əvvəllər də Azərbaycana səfirin təyin olunması ilə bağlı problemlər yaşanmışdı. Xüsusilə Konqress bu məsələdə çox “aktivlik” göstərmişdi. Məsələn, vaxtilə Konqres Metyu Brayzanın Azərbaycana səfir göndərilməsinə qarşı çıxıb onu təsdiq etməmişdi.

Hazırkı vəziyyətə gəlincə, bir il bundan öncəyə qədər Demokratların hakimiyyətinin bu istiqamətdə rolları var idisə, Trampın prezidentliyi dövründə iki ölkə arasında münasibətlər üst səviyyəyə qalxıb. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanması prosesində ABŞ ciddi işlər görür. Bu, Zəngəzur koridoru –TRİPP layihəsini həyata keçirən bir dövlətdir. Yəni, Tramp prezidentliyi dövründə səfirin təyin olunmamasının iki ölkə arasında münasibətlərlə bağlı olmadığını düşünürəm.

Amma Ermənistana yeni səfir təyinatından sonra Azərbaycana da səfirin təyin olunacağı gözlənilir. ABŞ-ın Cənubi Qafqaz siyasətinin əhəmiyyətini nəzərə alaraq bu təyinatın tezliklə baş verəcəyini görəcəyik. Yəni bundan öncəki ABŞ hakimiyyətinin yeni səfiri hansı səbəbdən təyin etmədiyini deyə bilməsəm də, Trampın prezidentliyi dövründə bunu texniki məsələlərlə əlaqələndirərdim”.

Link kopyalandı!
Son xəbərlər