Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi
170
10:27, Bu gün

Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2025-ci il dekabrın 22-də imzaladığı və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Bununla yanaşı, sənəddə vurğulanır ki, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Eyni zamanda, Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılıb. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa – şəhərsalma mədəniyyətinin nadir incisi kimi” sərlövhəli məqaləsində yer alıb.

Moderator.az Azərtac-a istinadla məqaləni təqdim edir.

Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının salınması və şəhərin qədim məhəllələri

XVIII əsrin 40-cı illərinin sonunda Qarabağ xanlığının banisi Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bildi. Bu sahədə ilk addımlardan biri qədim Azərbaycan - türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının tikilməsi oldu. Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq da mümkün deyildi. Bu səbəbdən də Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı.

Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürməsi XVIII yüzilliyin 50-ci illərinə təsadüf edirdi. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağın üstündə Şərq memarlıq üslubunda, orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu.

Bununla kifayətlənməyərək, Pənahəli xan Sarıcalı-Cavanşir yeni daha etibarlı paytaxt yaratmaq üçün dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə olan, sıldırım qayalarla əhatə olunmuş və alınmaz qalanı xatırladan strateji əhəmiyyətli yeri seçdi. Bu, əlçatmaz Şuşa qalası idi…

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1693-1763) adı ilə bağlıdır. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlanmış və həmin əsrin sonrakı illərində qala divarlarının çəkilməsi davam etdirilmişdi. Qarabağ xanı Pənahəli xan 1752-ci ildə Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

Tədqiqatçıların fikirlərinə görə, Şahbulaq qalasının memarlıq üslubu Qarabağ xanlığında inşa edilən bir sıra tikililərin, o cümlədən Qarabağın mərkəzi Şuşa şəhərinin inşaat işlərinə də əhəmiyyətli təsir göstərmişdir. Şuşa qalası bütün qaladaxili qəsrlərinin memarlıq-planlaşdırma və strukturu baxımından demək olar ki, Şahbulaq qalasının xüsusiyyətlərini təkrarlayırdı. O, keçilməz, əlçatmaz bir yerdə inşa edilmişdi, hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Qarabağ xanlığının paytaxtı Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrilmişdi.

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdir. Hələ Pənahəli xanın hakimiyyəti dövründə (1747-1763) şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın dövründə (1763-1806-cı illər) isə Qarabağ xanlığı daha da güclənmişdir. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və digər diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdir. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdir.

Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) şəhərin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılmışdır. “Aşağı məhəllə” 9 məhəllədən təşkil olunmuşdur: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdır. “Yuxarı məhəllə” isə 8 məhəllədən ibarət idi: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.

Şuşanın qala qapıları

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onların adı Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.

Gəncə qapısı – Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə şəhəri ilə birləşdirirdi. Şuşa qalasının Şimal qapısı hesab edilən Gəncə qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı müasir dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.

İrəvan qapısı – Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Pənahəli xanın dövründə inşa edilmiş bu qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi ilə, oradan isə İrəvan şəhərinə gedən yol ilə birləşdirirdi.

Ağoğlan qapısı – Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. XIX əsrdə qalanın aşağı tərəfində, şərq qapısı yaxınlığında Şuşa həbsxanası inşa edilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir. Bu zaman qapı da həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır.

Link kopyalandı!
Son xəbərlər