
Hamı bu təşəbbüsü dəstəkləmir
Lakin hamı bu təşəbbüsü dəstəkləmir. Tənqidçilər qadağanı çox radikal adlandırır və bunun fərdi azadlığı poza biləcəyini, əsas problemləri həll etməyəcəyini iddia edirlər. Bəzi uşaqların müdafiəsi assosiasiyaları hesab edir ki, platformalar sadəcə girişi məhdudlaşdırmaq əvəzinə, istifadəçi təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Uşaqların psixi sağlamlığı ilə bağlı narahatlığın arxasında siyasi məsələlər də dayanır. Məsələn, sosial şəbəkələrin əksəriyyətinin xarici şirkətlərə məxsus olması. Onların əlində istifadəçilər haqqında böyük həcmdə məlumat, həmçinin insanın hansı məzmunlu materialları görəcəyinə təsir etmək imkanı var.

Məhdudiyyətlər bu ay təsdiqlənəcək?
Qanun layihəsinin müəlliflərindən biri, keçmiş baş nazir və prezidenti dəstəkləyən "Renessans" partiyasının baş katibi Qabriel Attal senatorların məhdudiyyətləri fevralın ortalarına qədər təsdiqləyəcəyinə ümid edir. Bu halda onlar yeni tədris ilinin əvvəlində - 1 sentyabrda qüvvəyə minəcək. Avropada ənənəvi olaraq bəzi platformaların Aİ-nin Rəqəmsal Xidmətlər Haqqında Qanununa (Digital Services Act, DSA) əməl etməkdən imtina etməsi də narazılıq doğurur. İlin əvvəlində "X" sosial şəbəkəsi ilə bağlı qalmaqal alovlanıb. Bu, orada generasiya edilmiş pornoqrafik məzmunlu şəkillərin, o cümlədən buna icazə verməyənlərin görünüşündən istifadə etməklə yaradılan təsvirlərin peyda olması ilə əlaqədar idi.

Qanun layihəsinin tənqidçisi, sol partiya "Təslim olmayan Fransa"dan olan parlament deputatı Arno Sen-Marten qadağanı "rəqəmsal paternalizmın bir forması" adlandırıb və bunun texnologiyaların mənfi təsirinə "həddindən artıq sadələşdirilmiş" reaksiya olduğunu qeyd edib.
Avstraliya nümunəsi
Qeyd edək ki, əslində Fransa Avstraliyanın nümunəsini götürüb. Avstraliya dünyada 16 yaşdan kiçik uşaqlara və yeniyetmələrə sosial mediadan istifadəni qadağan edən ilk ölkə olub. Məhdudiyyətlər 10 dekabr 2025-ci ildə qüvvəyə minib və 16 yanvar 2026-cı il tarixinə qədər İnternet Təhlükəsizliyi Komissarlığının ofisi platformaların 4.7 milyon yetkinlik yaşına çatmayan şəxsin hesabını blokladığını bildirib. Hakimiyyət orqanları dünyada 16 yaşdan kiçik istifadəçilər üçün onlayn platformalara qoyulan ilk qadağanı "qürur" adlandırır. İT nəhəngləri isə onun effektivliyinə şübhə ilə yanaşır. Məhdudiyyətlərdən təsirlənən məşhur platformalar arasında "Instagram", "Facebook", "TikTok", "YouTube", "Reddit", "Snapchat", "Threads", "Twitch", "X" və "Kick" var. Lakin zəif moderasiyaya görə tez-tez tənqidlərə baxmayaraq, "Roblox" kimi bəzi xidmətlər əlçatan olaraq qalır. Qanunun qüvvəyə minməsindən cəmi bir ay sonra media orqanları avstraliyalı yeniyetmələrin yeni qaydalara necə uyğunlaşdıqlarını anlamaq üçün sorğu keçiriblər və təsirin fərqli olduğunu aşkar etdilər.

Effektiv yaş yoxlama mexanizmi hazırlanır
Media məlumatlarına görə, Aİ səviyyəsində artıq effektiv yaş yoxlama mexanizminin hazırlanması üzərində iş aparılır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha əvvəl sosial şəbəkələrə giriş üçün ümumavropa minimum yaş həddinin tətbiq edilməsinin lehinə çıxış edib. Bununla yanaşı, o, mümkün nəticələrin ekspert qiymətləndirilməsinin zəruriliyini vurğulayıb. Avropa Komissiyasının rəsmi nümayəndəsi Tomas Renye bildirib ki, 2026-cı ilin əvvəlində uşaqların sosial şəbəkələrdən istifadəsi məsələləri üzrə məsləhət qrupunun yaradılması planlaşdırılır.
Dünyada daha hansı nümunələr var?
Yeri gəlmişkən, ABŞ-də federal qanun sosial media və onlayn xidmətlərə valideynlərin razılığı olmadan 13 yaşdan kiçik uşaqlardan şəxsi məlumatlar toplamağı qadağan edir. Praktikada bu o deməkdir ki, 13 yaşdan kiçik uşaqlar böyüklərin iştirakı olmadan rəsmi olaraq qeydiyyatdan keçə bilməzlər. Çində isə hakimiyyət orqanları smartfonlar və tətbiqlər üçün xüsusi "uşaq rejimi" tətbiq edib. Bu rejim uşaqların onlayn nə qədər vaxt keçirə biləcəyini, hansı xidmətlərə çıxışı olduğunu və cihazlarından hansı saatlarda istifadə edə biləcəklərini müəyyənləşdirir. Platformaların özləri də məhdudiyyətlər tətbiq edir: "TikTok", "Facebook", "Snapchat" da daxil olmaqla əsas sosial media və onlayn xidmətlər rəsmi olaraq yalnız 13 yaşından etibarən qeydiyyata icazə verir. Rusiyada hazırda uşaqların sosial mediaya çıxışına ciddi qadağa qoymaq planı yoxdur, lakin bu cür təşəbbüslər bəzən müzakirə olunur. Artıq Türkiyə hökuməti də uşaqları rəqəmsal və sosial media platformalarının potensial zərərlərindən qorumaq məqsədilə yeni müdafiə mexanizmi hazırlayır.
Belə görünür ki, Avstraliyada atılan addım və Fransada davam edən məhdudiyyətlər tək bir ölkənin qərarı yox, qlobal bir prosesin başlanğıcıdır. Artıq hər bir ölkə təhlükənin ciddiliyini başa düşür və profilaktik addımlar atmağa başlayır. Bu məhdudiyyətlər effektiv olacaqmı - bunu zaman göstərəcək.