"Ukraynanın enerji sisteminə qarşı yüzlərlə dron və raketlə ən genişmiqyaslı hücumlardan biri həyata keçirilib..."
Fevralın 7-ə keçən gecə və səhər saatlarında Rusiya Ukraynaya qarşı müharibə dövrünün ən kütləvi hava hücumlarından birini həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
Enerji infrastrukturu əsas hədəf olub
Məlumatda deyilir ki, hücumun əsas hədəfi ölkənin energetika infrastrukturu olub. Energetika naziri Denis Şmıqal bildirib ki, zərbələr 750 kV və 330 kV-luq yarımstansiyalara və hava xətlərinə endirilib. Bu obyektlər Ukraynanın enerji sisteminin əsas dayaqlarını təşkil edir. Eyni zamanda Burştın və Dobrotvir İES-ləri də hücuma məruz qalıb.
Təhlükəsizlik məqsədilə atom elektrik stansiyalarının blokları personal tərəfindən yüngülləşdirilib. Hazırda ölkə üzrə 4,5-5 mərhələli qəza elektrik kəsintisi qrafikləri tətbiq olunur. Şərq və şimal bölgələrində isə xüsusi fövqəladə kəsintilər qüvvədədir. "Ukrenerqo"nun dispetçer xidməti Polşadan təcili enerji yardımı üçün rəsmi müraciət edib.
Yüzlərlə dron, onlarla raket və regionlarda dağıntılar
Ukrayna HHQ-nin məlumatına əsasən, Rusiya hücum zamanı 447-dən çox hava hücum vasitəsindən istifadə edib. Onların sırasında 2 "Sirkon" hipersəs raketi, 21 X-101 qanadlı raketi, 16 "Kalibr" qanadlı raketi, 408 zərbə dronu, əsasən "Shahed", eləcə də "Gerbera" və "İtalmas" tipli PUA-lar olub. HHM qüvvələri 406 hədəfi məhv edib və ya radioelektron mübarizə vasitəsilə sıradan çıxarıb. Bununla belə, 13 raket və 21 dron müxtəlif bölgələrdə hədəfə çatıb.
Rovensk, Xmelnitski və Lvov vilayətlərində yaşayış evləri və kritik obyektlər zədələnib, yanğınlar qeydə alınıb. Rovensk vilayətində iki nəfər yaralanıb, Xmelnitskidə isə 1971-ci il təvəllüdlü kişi ayaq travması ilə xəstəxanaya yerləşdirilib. Lvov vilayətinin Dobrotvir kəndində PUA zərbəsindən sonra yaşayış evi yanıb, yanğın söndürülüb. Zərbələr eyni zamanda Kiyev, Xarkov, Dnepr və Zaporojye istiqamətlərində də qeydə alınıb. Dneprdə ictimai nəqliyyat və binalar zədələnib, Zaporojye vilayətində isə bir sutka ərzində 10 nəfərin yaralandığı bildirilib.
Qaranlıqla təzyiq strategiyası
Prezident Vladimir Zelenski hücuma münasibət bildirərək deyib ki, bu dəfə Rusiya 400-dən çox dron və təxminən 40 raketdən istifadə edib. Onun sözlərinə görə, əsas məqsəd enerji istehsalı və paylanmasını iflic etmək, Ukraynaya soyuq və qaranlıqla təzyiq göstərməkdir.
"Rusiya hər gün real diplomatiyanı seçə bilər. Amma bunun əvəzinə Ukrayna şəhərlərinə yeni zərbələr endirir. Moskvanı Ukraynaya soyuqla təzyiq imkanından məhrum etmək lazımdır", - Zelenski vurğulayıb. Prezident bildirib ki, bunun üçün Ukraynaya "Patriot", NASAMS və digər HHM sistemləri üçün raketlər lazımdır. Onun sözlərinə görə, hər bir yeni yardım paketi ölkənin bu qışı keçirməsində həlledici rol oynayır.