Sumqayıtda taksi BAHALAŞDI, səbəb bu imiş...
127
08:24, Bu gün

Sumqayıtda taksi BAHALAŞDI, səbəb bu imiş...

Taksi fəaliyyəti ilə bağlı tətbiq edilən yeni tələblər sürücülər arasında ciddi narazılıq doğurub. Xüsusilə paytaxt və ətraf şəhərlərdə çalışan taksi sürücüləri şikayət edirlər ki, ərazi üzrə məhdudiyyətlər onların gündəlik qazanc imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.

Yeni qaydalara əsasən, Bakıda qeydiyyatdan keçmiş sürücülərin Sumqayıt ərazisində, Sumqayıtda qeydiyyatda olan taksi sürücülərinin isə Bakıda sərnişin götürməsinə icazə verilmir.

Mövcud vəziyyətdən sui-istifadə edən taksi sürücüləri gediş haqqını iki yox, üç dəfə artırıblar. Məlumata görə, Bakı-Sumqayıt xətti üzrə taksilərdə qiymət 30 manata yüksəlib ki, bu da sərnişinlərin narazılığına səbəb olub. Halbuki qat-qat uzaq rayonlara, məsələn, Lənkərana, Gəncəyə taksi adambaşı 20 manata aparır. 

İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymət artımının səbəbkarı taksi sürücüləri deyil, AYNA-dır.

X.Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, taksi sürücüləri benzin qiymətlərinin artması ilə əlaqədar gediş haqlarını qaldırmağa məcburdurlar:

“Əvvəllər taksi sürücüləri şəhərdən kənara müştəri apararkən geri döndükdə də müştəri götürə bilirdi, hazırda isə məhdudiyyətlər tətbiq olunur. Sürücülərin də xərcləri artıb. Bu baxımdan, onları birmənalı şəkildə ittiham etmək doğru deyil. Bundan narazı olanlar ictimai nəqliyyata üstünlük versinlər. Taksinin qiyməti var. Əgər kütləvi narazılıq varsa, AYNA-ya şikayət məktubları göndərə bilərlər. AYNA isə bütün şikayətləri nəzərə alaraq, belə qərarlar verir. Məqsəd aydındır - taksilərin sayı həddən artıq çoxdur, şəhərdə tıxacın yaranma səbəblərindən biri də budur. Bundan başqa, ətraf mühitin çirklənməməsi və s. kimi arqumentlər var. Digər tərəfdən, taksi ucuz deyil, bahalı xidmət olmalıdır. Bu məhdudlaşmalar hökumətin məqsədli siyasətidir. Hesab edirəm ki, istənilən müdaxilə bahalaşma və qeyri-səmərəlilik yaradır”.

Nəqliyyat eksperti Adil Nəbiyev isə Musavat.com-a bildirib ki, son zamanlar AYNA-nın verdiyi qərarların əksəriyyəti haqlı narazılığa səbəb olur.

Onun sözlərinə görə, bu qərarın arxasında duran səbəbləri anlamaq üçün məsələyə yalnız sərnişin qiymətləri prizmasından deyil, nəqliyyatın idarə olunması, bazarın tənzimlənməsi və inzibati nəzarət baxımından yanaşmaq lazımdır:

“Yeni qaydalara əsasən, Bakı şəhərində qeydiyyatda olan taksi sürücülərinin Sumqayıt ərazisində, Sumqayıtda qeydiyyatda olan sürücülərin isə Bakıda sərnişin götürməsinə icazə verilməməsi ilk növbədə yerli bazarın qorunması məqsədi daşıyır. Yəni hər bir şəhərdə fəaliyyət göstərən taksi sürücülərinin həmin ərazi üzrə vergi öhdəlikləri, icazələri, nəzarət mexanizmləri və məsuliyyət dairəsi konkretləşdirilmək istənilir. Bu, nəzəri baxımdan bazarda qayda yaratmaq, qeydiyyatsız və nəzarətsiz fəaliyyətin qarşısını almaq üçün düşünülmüş addım kimi təqdim olunur. Digər mühüm səbəb nəqliyyat axınının idarə olunmasıdır. Bakı-Sumqayıt istiqaməti ölkənin ən intensiv marşrutlarından biridir və gündəlik minlərlə avtomobil bu xətt üzrə hərəkət edir. Rəsmi qurumlar hesab edirlər ki, şəhərlərarası sərnişin daşımasının məhdudlaşdırılması tıxacların azaldılmasına, yol təhlükəsizliyinin yüksəldilməsinə və nəqliyyat sisteminin daha nəzarətli olmasına kömək edə bilər. Lakin bu yanaşma real praktikada arzuolunan nəticəni vermədikdə problem başqa müstəviyə keçir”.

Onun sözlərinə görə, mövcud vəziyyətdə əsas narazılıq inhisar və sui-istifadə riski ilə bağlıdır:

“Rəqabət məhdudlaşdırıldıqda bazarda taksi sayı azalır, bu isə avtomatik olaraq qiymətlərin süni şəkildə qalxmasına səbəb olur. Hazırda Bakı-Sumqayıt xəttində qiymətlərin 30 manata yüksəlməsi məhz bu boşluğun nəticəsidir. Sürücülər anlayır ki, alternativ yoxdur və sərnişin məcburiyyətdən bu qiymətlə razılaşmalı olur. Bu isə sosial ədalət prinsiplərinə ziddir. Ən paradoksal məqam ondan ibarətdir ki, məsafə baxımından qat-qat uzaq olan Lənkəran və Gəncə kimi şəhərlərə taksi ilə daha ucuz qiymətə getmək mümkündür. Bu fakt bir daha göstərir ki, problem məsafədə deyil, idarəetmə mexanizmlərindəki uyğunsuzluqdadır. Şəhərlərarası uzun məsafələrdə bazar açıq və rəqabətlidir, Bakı-Sumqayıt xəttində isə süni məhdudiyyət qiymətlərin şişməsinə şərait yaradır”.

Link kopyalandı!
Son xəbərlər