251
14:16, Bu gün

"Əbu-Dabidə danışıqlar dalana dirəndi: humanitar razılaşma var, siyasi irəliləyiş yox" - "The New York Times"

 
"ABŞ, Ukrayna və Rusiya arasında aparılan görüşlər əsas məsələlər üzrə nəticə vermədi..."
 
Əbu-Dabidə keçirilən ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqları müharibənin dayandırılması istiqamətində real siyasi irəliləyiş olmadan başa çatıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb.
 
İki gün davam edən müzakirələrin yeganə konkret nəticəsi hərbi əsirlərin mübadiləsi ilə bağlı razılaşma olub. Əsas məsələlər - işğal olunmuş ərazilərin taleyi və Ukrayna üçün təhlükəsizlik zəmanətləri yenə də açıq qalıb.
 
Humanitar razılaşma və diplomatik fon
 
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff tərəflərin 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb. Qısa müddət sonra faktiki olaraq 157 əsir dəyişdirilib ki, bu da son aylarda nadir humanitar addımlardan biri sayılır. Analitiklər vurğulayır ki, müharibə dövründə bu cür mübadilələr tərəflər arasında siyasi dönüşün göstəricisi olmayıb və daha çox texniki razılaşma xarakteri daşıyır.
Danışıqlar Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı yeni kütləvi hücumları fonunda aparılıb. Görüşdən bir gün əvvəl Rusiya yüzlərlə pilotsuz aparat və onlarla raketdən istifadə etməklə son ayların ən genişmiqyaslı zərbələrindən birini həyata keçirib. Ukrayna tərəfinin hesablamalarına görə, bu hücum Moskva üçün təxminən 325 milyon dollara başa gəlib.
 
Ərazi məsələsi əsas düyün olaraq qalır
 
Ən ciddi fikir ayrılığı Donbas üzərində nəzarət məsələsində qalır. Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və Moskva təkcə Donbasın tam verilməsini deyil, həm də bu ərazilərin beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınmasını tələb edir.
 
Kreml, eyni zamanda, Ukrayna üçün Qərb mənşəli təhlükəsizlik zəmanətlərini və NATO perspektivini qəti şəkildə rədd edir. Ukrayna isə cəbhə xəttinin müvəqqəti dondurulmasına və NATO üzvlüyü məsələsinin təxirə salınmasına hazır olduğunu bildirir, lakin ərazi güzəştlərini və Donbasın statusunun dəyişdirilməsini qəbuledilməz hesab edir.
 
Kiyevin hesablaması və ABŞ amili
Ukrayna Ali Radasının deputatı Aleksandr Merejkonun sözlərinə görə, Əbu-Dabidəki görüşlərin əsas məqsədi ABŞ prezidenti Donald Trampı danışıqlar prosesində saxlamaq və Rusiyanın "Ukrayna sülh istəmir" tezisini neytrallaşdırmaq olub. Onun fikrincə, Moskvanın Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması tələbi açıq-aşkar təxribat xarakteri daşıyır.
 
Stiv Uitkoff danışıqları "konstruktiv" adlandıraraq bildirib ki, tərəflər atəşkəs rejiminin tətbiqi və pozuntuların monitorinqi mexanizmlərini müzakirə ediblər. O, həmçinin ABŞ və Rusiya arasında birbaşa hərbi dialoq kanalının bərpası barədə razılıq əldə olunduğunu açıqlayıb. Bununla belə, "The Wall Street Journal" nəşri qeyd edir ki, Moskvanı real kompromisə məcbur etmək hələlik olduqca çətindir və sülhün əsas şərtləri üzrə razılaşma uzaq görünür.
Link kopyalandı!
Son xəbərlər