Son vaxtlar uşaqlar niyə zorakılığa yönəlir? – Psixoloq səbəbləri AÇIQLADI 
436
13:53, Bu gün

Son vaxtlar uşaqlar niyə zorakılığa yönəlir? – Psixoloq səbəbləri AÇIQLADI 

Son illərdə uşaqlar arasında zorakılıq hallarının artması cəmiyyətdə narahatlıq doğurur. Bu problem artıq sadəcə fərdi hadisələr səviyyəsində deyil, geniş sosial diqqət tələb edən bir məsələ kimi ortaya çıxır. Hər bir belə olay ictimai marağı cəlb etsə də, əsas sual qalır. Uşaqları zorakılığa yönəldən amillər nələrdir və bu meylin qarşısını almaq üçün hansı effektiv yanaşmalar tətbiq oluna bilər?
 
Moderator.az yaranmış bu mühüm sualı psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova ünvanlayıb.
 
Psixoloq qeyd edib ki, son dövrlərdə uşaqlar arasında zorakılıq hallarının artması təkcə bir amillə izah oluna bilən məsələ deyil:
 
 "Bu, ailə mühiti, məktəbdəki psixoloji-iqlim, rəqəmsal məkanın təsiri və fərdi psixoloji xüsusiyyətlərin bir-biri ilə qarşılıqlı təsiri nəticəsində formalaşan kompleks bir problemdir.
 
Beynəlxalq tədqiqatlar da göstərir ki, zorakı davranışların kökündə çox zaman uşağın emosional təhlükəsizlik ehtiyacının ödənilməməsi dayanır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının və UNICEF-in araşdırmalarına görə, ailədaxili gərginlik, valideynlərlə zəif emosional əlaqə, davamlı tənqid və diqqətsizlik uşaqlarda aqressiv davranış riskini ciddi şəkildə artırır. Uşaq özünü ailədə dəyərli və eşidilən hiss etmədikdə, bu boşluğu bəzən zorakılıq yolu ilə doldurmağa çalışır".
 
Elnur Rüstəmov onu da qeyd edib ki, məktəb mühiti də burada həlledici rol oynayır. Sağlam psixoloji iqlimin olmadığı, müəllim-şagird münasibətlərinin formal xarakter daşıdığı, emosional dəstək mexanizmlərinin zəif olduğu məktəblərdə zorakılıq halları daha çox müşahidə olunur:
"OECD və Avropa məktəb rifahı üzrə tədqiqatları göstərir ki, uşaqlar özlərini təhlükəsiz və qəbul olunmuş hiss etdikləri məktəblərdə aqressiv davranışlar xeyli azalır.
Rəqəmsal platformaların təsiri də bu prosesdə xüsusi yer tutur. Sosial şəbəkələrdə zorakılığın normallaşdırılması, aqressiv kontentlərin yayılması, kibertəqib halları uşaqların davranış modelinə birbaşa təsir edir. Uşaqlar çox zaman real həyatda ifadə edə bilmədikləri emosiyaları virtual mühitdə aqressiya yolu ilə göstərirlər və bu davranış tədricən real həyata da keçir.
 
Digər mühüm məsələ isə fərdi psixoloji problemlərin vaxtında aşkar olunmamasıdır. Depressiya, təşviş pozuntuları, davranış problemləri, özünəinam çatışmazlığı kimi hallar erkən mərhələdə müəyyən edilmədikdə, sonradan destruktiv davranışlara zəmin yarada bilər. Bir çox beynəlxalq praktikada məktəb psixoloqlarının rolu məhz bu erkən aşkarlamaya əsaslanır.
 
Bu baxımdan zorakılığın qarşısının alınması yalnız cəza mexanizmləri ilə mümkün deyil. Burada əsas məqsəd profilaktika və sağlam inkişaf mühitinin formalaşdırılması olmalıdır".
 
Rüstəmov fikirlərinə əlavə olaraq onu da qeyd edib ki, valideynlər üçün əsas prioritetlər uşaqlarla açıq və güvənli ünsiyyət qurmaq, onların emosiyalarını dinləmək və qəbul etmək, davranışdan əvvəl səbəbləri anlamağa çalışmaq, rəqəmsal istifadəyə nəzarəti qadağa yox, izah və razılaşma üzərindən qurmaq, lazım gəldikdə mütəxəssis dəstəyinə müraciət etmək olmalıdır:
 
"Məktəblər üçün isə əsas addımlar psixoloji xidmətin real və sistemli fəaliyyətini təmin etmək, müəllimlər üçün emosional savadlılıq və davranış idarəetməsi üzrə davamlı təlimlər keçirmək, şagirdlər arasında empatiya, dialoq və konflikt həll bacarıqlarını inkişaf etdirən proqramlar tətbiq etmək, valideyn-məktəb əməkdaşlığını gücləndirmək vacibdir.
 
Bir çox inkişaf etmiş ölkələrdə tətbiq olunan “məktəb rifah proqramları” göstərir ki, uşaqların emosional sağlamlığına sistemli investisiya qoyulduqda zorakılıq halları 30–40 faizədək azalır. Bu, artıq elmi şəkildə sübut olunmuş faktdır.
 
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də hesab edirik ki, bu sahədə əsas yol maarifləndirmə, erkən müdaxilə və koordinasiyalı əməkdaşlıqdır. Ailə, məktəb, psixoloq və dövlət qurumları birgə fəaliyyət göstərmədikcə bu problemi köklü şəkildə həll etmək mümkün deyil.
 
Uşaq zorakılığı təkcə fərdi problem deyil, cəmiyyətin psixoloji sağlamlığının göstəricisidir. Sağlam nəsil formalaşdırmaq üçün biz əvvəlcə uşaqların emosional təhlükəsizliyini təmin etməliyik. Çünki təhlükəsiz hiss edən uşaq nə zorakılıq göstərir, nə də zorakılığa meyilli olur".
 
Pərvin Şakirqızı
Link kopyalandı!
Son xəbərlər