“Neftçi” səhv yoldadır...” – Deputatdan “Qarabağ”a görə sərt QINAQ
163
13:42, Bu gün

“Neftçi” səhv yoldadır...” – Deputatdan “Qarabağ”a görə sərt QINAQ

“Neftçi”nin fevralın 21-də “Qarabağ”la keçirəcəyi oyunun ertələnməsi üçün Ağdam klubunun müraciətinə “yox” cavabı verməsi ictimaiyyətin əsas müzakirə etdiyi məsələlər sırasındadır. “Ağ-qaralar” ciddi şəkildə qınanır, hətta ağır ittihamlara və tənqidlərə tuş gəlir. Azərbaycanın ən köklü klubu sayılan flaqman həmçinin, sui-istifadə günahlandırılır.

“Köhlən atlar” fevralın 17-i və 24-ü gecəsi Azərbaycan futbolunun bəlkə də bir daha keçirə bilməyəcəyi oyununa çıxacaq. UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdam klubu İngiltərə nəhənglərindən sayılan “Nyukasl”la qarşılaşacaq.

Könül istərdi ki, bir həftə ərzində iki ağır oyuna çıxacaq “Qarabağ”a elə “Neftçi”nin özü müraciət edib oyunun təxirə salınmasını vacib bilərdi. Amma tarixinin ən ağır illərini yaşayan paytaxt klubu bu şansdan yararlanmaq yolunu seçdi...

Milli Məclisin üzvü Aqil Abbas Musavat.com-a bu mövzuda üzüntü ilə danışıb:

“Bu, namərdlik deyil. Onsuz da “Neftçi” daim “Qarabağ”a uduzur. Anadan olandan belədir... İndi də düşünür ki, əlinə şans düşüb. “Nyukasl”la oyun arasında, özü də 3 gündən bir oyun keçirən “Qarabağ”la oynasa, qalib gələcəyinə ümid edir. Bu yolla azarkeşlərini sevindirəcəyini düşünür. Onlara Qurban müəllim çox gözəl cavab verdi.

Amma istənilən halda “Neftçi” də bir klubdur. Onlar da belə düşünür. Allah işlərini avand eləsin. Amma yəqin ki, yenə “Qarabağ”a uduzacaqlar. Sadəcə, səhv yoldadırlar. Gərək imkan verəydilər ki, “Qarabağ” “Nyukasl”la oyuna tam hazır olsun. “Qarabağ” ən çox oyunçularının zədələnməsinən qorxur. Gördünüz ki, son oyunda “Şamaxı” qarşısına ikinci heyətlə çıxdı. Qurban Qurbanov oyunçularının zədələnməsindən çox ehtiyat edir. Oyunçular onsuzda var gücləri ilə oynayacaqlar. Yorulacaqlar, amma eybi yoxdur”.

Deputat milli maraqlar məsələsində çox üzgündür:

“Neftçi” yəqin ki, milli maraqları düşünmür. Kimlərsə, hər halda belədir. Şəxsi maraqlar hər zaman milli maraqlardan üstün olduğu üçün işlərimiz düz getmir”.

“Neftçi” klubundan da rəy almağa çalışdıq. Təəssüflər olsun ki, zənglərimizə cavab verən tapılmadı.

Link kopyalandı!
Son xəbərlər