Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
268
10:07, Bu gün

Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti

ABŞ-ın vitse-prezidenti J.D. Vens Milanda Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirakdan sonra fevralın 6-da Azərbaycan və Ermənistana səfər edəcək.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Xəbərdə həmçinin, bildirilir ki, “prezident Donald Tramp vitse-prezidentə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını tapşırıb”.

Qeyd edək ki, Vensin məhz fevral ayında Baklı və İrəvana gələcəyi haqda xəbərlər öncələr də yayılıb. Lakin indi “Associated Press” kimi ciddi agentlik konkret tarix göstərir.

Səfərdən əsas gözlənti nədir, Bakı və İrəvana, Moskva və Tehrana hansı mesajlar veriləcək? “Tramp vitse-prezidentə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını tapşırıb” ifadəsi nə deməkdir? Axı, sülh müqaviləsinin imzalanması üçün Bakının əsas şərti çoxdan bəlli...

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, ABŞ vitse-prezidentinin regiona səfəri Trampın Cənubi Qafqaza verdiyi dəyərdir. Bunu həm də Rusiya ilə maraqların toqquşması kontekstində qiymətləndirən deputatın sözlərinə görə, Vaşinqton Moskvanı pat vəziyyətində qoymaqdadır. "Rusiya bölgədə təsir gücünü itirməsə də, əvvələ baxanda çox zəifləyib. ABŞ bu reallıqdan istifadə edərək Cənubi Qafqazda rolunu artırır. Trampın adı ilə dəhlizin açılmasına razılaşma, Amerika şirkətinə idarəçilik verilməsi Rusiyaya" dağ çəkməkdir". Bu baxımdan, Vensin səfəri geopolitik rəqabətin nəticələrindən biri kimi dəyərləndirilməlidir. Vaşinqtonun Tramp dönəmində regiona qayıdışını müşahidə edirik”.

E.Musayevin fikrincə, səfər sözsüz ki, böldə dayanıqlı sülhün əldə olunması baxımdan əhəmiyyətlidir: “Rusiya artıq bu məsələlərə müşahidəçi qismində qalmaqdadır. Lavrov Simonyanla söhbətində bildirir ki, Cənubi Qafqazda guya mürəkkəb vəziyyət var. Hansı mürəkkəb vəziyyət ola bilər? Artıq liderlər səviyyəsində görüşlər keçirilir, sülh gündəmi inkişaf edir, elə rusun taxılı Azərbaycandan keçməklə Ermənistana daşınır… Yəni Rusiya bölgəyə müdaxilə edə bilmir və ABŞ vitse-prezidentinin Bakı və İrəvan səfəri də məhz Vaşinqtonun təsirlərinin artmasından xəbər verir”.

Deputat bildirib ki, əvvəlki administrasiya sülh əleyhdarı idi, tərəf idi, balansı qorumurdu, bu da Azərbaycan-ABŞ münasibətlərinə təsir göstərirdi: “Baydendən fərqli olaraq, Tramp Azərbaycana yüksək ehtiram nümayiş etdirir. Dünən də hər iki ölkənin rəhbərləri haqda xoş fikirlər qeyd etdi. Belə desək, Vensin səfəri ABŞ hakimiyyətinin Azərbaycan və Ermənistanla əlaqələri genişləndirmək istəyindən irəli gəlir”.

Bu arada Rusiyanın müxalifətyönlü “Novaya qazeta” yazıb ki, vaxtilə müharibə və düşmənçiliklə yadda qalan bu regionda indi ABŞ biznesinin iştirakı ilə kommunikasiyaların bərpası və yeni iqtisadi reallığın formalaşması planlaşdırılır. Nəşr yazıb ki, bu gün Bakı ilə İrəvanın barışması Tramp administrasiyasının ən uğurlu və şərtsiz diplomatik nailiyyətlərindən biri kimi təqdim olunur. Analitiklərin fikrincə, Trampın təşəbbüsü Cənubi Qafqaz üçün nadir tarixi şans yaradır. Region İran, Rusiya və Çin arasında yeni geosiyasi balans nöqtəsinə çevrilə bilər. ABŞ-ın aktiv iştirakı bu prosesi sürətləndirir.

Link kopyalandı!
Son xəbərlər