Bizi sosial şəbəkələrdən izləyin:
“İndiki zamanda pulsuz heç nə yoxdur. Kim özünü efirə çıxarırsa əksəriyyəti pul ödəyir. Mən 5 yaşından “Kukla” mahnısı ilə nəinki Azərbaycanda, ölkəmizdən kənarda da məşhur olmuşam. Bu məşhurluğa pul xərcləməmişəm ki. Öz istedadımla ortalığa çıxmışam. “Kukla” mahnısı mənim səsimdə səslənib. Mənim Səkinə İsmayılova, Mənsum İbrahimov kimi tələbələrim olub. Mahnılarımı ifa ediblər. Ümumiyyətlə mahnılarımı oxuyan sənətçilərdən pul almamışam. Heç təklif də etməyiblər. Bu gün xor əsərləri yazıram. Xor yığıram, ifa etdirirəm. Əsas xərc mənim özümdən çıxır. Başqa ortalıqda heç nə yoxdur. Firəngiz Əlizadə yeganə insandır ki, mən onun köməyini əməlli-başlı hiss edirəm. Sağ olsun! Hələ ki, sağam, yaşayıram. Bundan sonra da uğurlarım ola bilər”.
Bunu Moderator.az-a açıqlamasında məşhur “Kukla” mahnısının ifaçısı, bəstəkar-müğənni Zabitə Məmmədova deyib.
O daha sonra mahnılarının yoxa çıxdığını bildirib:
“300-ə qədər uşaq mahnısının ifaçısı olmuşam. Mənə qədər bu mahnıları Gülağa Məmmədov, Sona Aslanova kimi sənətkarlar ifa edirdi. O mahnılarımın aqibətindən xəbərim yoxdur. Çoxunu siliblər. Şəfiqə Axundovanın “Əkizlər” mahnısını ifa etmişdim. İndi tapa bilmirəm. Bir neçə adama tapşırdım, onlar da tapmadılar. Pozub atıblar. Belə əsəri necə silib ata bilərsiz? O cür sənətkarların yazdığı, qələmə aldığı əsərləri heç silərlər?! Kimin nəyinə lazımdır ki? Fonotekanın işçilərini məhkəməyə vermək lazımdır! Onların nə ixtiyarı var ki, mənim mahnılarımı pozub atsınlar?! Kimlər onlara doğmadırsa saxlayıblar, qalanını pozub atıblar”, - deyə Zabitə Məmmədova iddia edib.
Qeyd edək ki, Zabitə Məmmədova 5 yaşında oxuduğu “Kukla” mahnısı ilə tanınıb.