Moskvanın mərkəzində anti-Azərbaycan filmi
227
15:57, Bu gün

Moskvanın mərkəzində anti-Azərbaycan filmi

Fevralın 7-də Moskvada “Art Artsakh Studio”nun təqdimatında Azərbaycanın ayrılmaz hissəsi olan Şuşa haqda erməni “kinorejissor” ların çəkdikləri "Şuşi: təkzibolunmaz faktlar" adlı “sənədli filminin” təqdimatı olacaq.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya ermənilərinin media resurslarında məlumat yayılıb. Gevork Ter-Qazaryanın rejissoru olduğu “sənədli filmin” qondarma “artsax”ın “müstəqilliyi uğrunda həlak olanlara” həsr olunduğu bildirilir.

Təqdimat haqda yazılarda ənənəvi yalanlar tirajlanıb: “Filmin məqsədi keçmişin obyektiv mənzərəsini yaratmaq, diqqətlə gizlədilən faktları xatırlatmaq və Şuşinin (işğal illərdə Şuşaya qoyduqları qondarma ad-red) tarixinin süni qarışıqlığını və saxtakarlığını ifşa etməkdir. Qədim müdriklərin dediyi kimi, keçmiş gələcəyin aydın görünə biləcəyi bir gözətçi qülləsidir. Keçmişini xatırlamayanlar isə gələcəkdən məhrumdurlar. Müasir tədqiqatçılar qeyd edirlər ki, keçmişin yanlış təfsirləri indiki dövrdə uğursuzluğa, gələcəkdə isə fəlakətə hazırlıq deməkdir. Film qala şəhərinin yaranması və Artsax və bütün Şərqi Ermənistan ermənilərinin paytaxtı kimi inkişafının hekayəsini danışır. Müxtəlif tarixi dönüşlər tanınmış erməni və rus alimləri tərəfindən təqdim olunur və araşdırılır. Filmdə keçmiş illərin xəbər lentlərindən geniş istifadə olunub. Şuşi yaylasında aparılan qazıntılardan, arxeoloji və digər tədqiqatlardan götürülmüş görüntülər bu yerin tarixini əvvəllər düşünüləndən xeyli qədim hesab etməyə imkan verir. Filmin son hissəsi Şuşinin tarixinin Azərbaycan tərəfindən saxtalaşdırılmasını ifşa etməyə həsr olunub. Film təkcə tarix həvəskarları üçün deyil, həm də peşəkar tarixçilər və tədqiqatçılar üçün maraqlı olacaq”.

Erməni həyasızlığı və yalanı haqda “sənədli film” nə az, nə çox 3 saat 11 dəqiqədir. Erməni yalanın ssenari müəllifləri Arsen Melik-Şahnazarova və Gevork Ter-Qazaryandır. Hətta qondarma “elmi məsləhətçi” də var: tarix elmləri doktoru, professor Valeri Avanesyan...

İndi gələk, bu uzun yalanın təqdimatının harada olacağına.

İnternet üzərindən qısa araşdırmamıza görə dəvətdə göstərilən ünvan Moskvanın mərkəzində Olimpiya prospekti 9 ünvandakı "TAPAN" Erməni Muzeyidir.
Erməni Apostol Kilsəsinin Rus və Yeni Naxçıvan Yeparxiyasına aid muzeyi əslində illərdir həm də anti-Azərbaycan platforma kimi fəaliyyət göstərir. Muzeyin məqsədi “beynəlxalq və dostluq münasibətlərini gücləndirmək və millətindən, dilindən və dinindən asılı olmayaraq insanları birləşdirmək” olsa da, Eçmiədzinə bağlı kəşfiyyat platformasıdır. Rusiyanın müvafiq orqanları illərdir muzey çətiri altında fəaliyyət göstərən bu məkanın hansı işlərlə məşğul olduğunu yəqin ki, bilir.

“Tapan” erməni dilində “sandıq” deməkdir. Erməni yalanlarının tirajlandığı, Azərbaycanın qədim şəhəri haqda yalanlarla dolu “sənədli filmin” nümayişinə Rusiyadan kimlərin iştirakı maraq doğurur.

Zənnimizcə, Azərbaycanın Rusiyadakı səfirliyi bu saxtakarlığın qarşısını almaq üçün Moskva meriyasına müraciət edə bilər...

Mövzuya qayıdacağıq.

Link kopyalandı!
Son xəbərlər