"Əbu-Dabi danışıqları Rusiyanın sərtləşən tələbləri fonunda davam edir..."
Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsində Moskva müharibənin dayandırılması üçün daha sərt və prinsipial şərt irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Rusiya tərəfi "böyük sülh sazişi"nin ayrılmaz hissəsi kimi Donbasın bütün ölkələr tərəfindən rəsmi şəkildə Rusiya ərazisi kimi tanınmasını tələb edir. Qərb mənbəsinə istinadla TASS agentliyinin yaydığı məlumata görə, Kreml bu məsələni danışıqların "son dərəcə vacib elementi" hesab edir. Mənbənin sözlərinə görə, Moskva üçün təkcə ərazinin faktiki nəzarəti deyil, beynəlxalq legitimlik də əsas hədəfdir.
Danışıqların gündəliyində iqtisadi məsələlər, ərazilərin statusu və atəşkəs mexanizmləri də müzakirə olunur. Lakin Rusiya tələblərinin əvvəlki mövqelərlə müqayisədə daha da sərtləşdiyi bildirilir. Belə ki, Moskva təkcə Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını deyil, həm də regionun rəsmi olaraq Rusiya ərazisi kimi tanınmasını istəyir.
Vaşinqton prosesdə, Kiyev mövqeyində israrlıdır
ABŞ Dövlət katibi Marko Rubio danışıqlarla bağlı açıqlamasında tərəflərin "real irəliləyiş" əldə etdiyini desə də, eyni zamanda "ən çətin məsələlərin hələ də açıq qaldığını" vurğulayıb. Onun sözlərinə görə, müharibə faktiki olaraq davam edir və əsas ziddiyyətlər aradan qalxmayıb.
Ukrayna prezidenti Vladimir Zelenski isə Kiyevin mövqeyinin dəyişmədiyini açıq şəkildə bəyan edib. O bildirib ki, müharibə yalnız real təhlükəsizlik zəmanətləri və təcavüzkara real təzyiq mexanizmləri ilə bitə bilər: "İnsanlar Ukraynada hiss etməlidir ki, bu proses Rusiyanın vaxt udmasına yox, həqiqətən sülhə aparır".
Bu gün danışıqların texniki mərhələsi davam etdirilir. Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Ömərovun sözlərinə görə, proses üçtərəfli məsləhətləşmələr, işçi qruplar və mövqelərin sinxronlaşdırılması formatında aparılır.
Müharibənin qiyməti: itkilər fonunda sərtləşən mövqelər
Danışıqlar fonunda müharibənin insan itkisi tərəflərin mövqelərinə əlavə siyasi və psixoloji yük yaradır. Ukrayna prezidenti Vladimir Zelenskinin son açıqlamasına görə, müharibənin əvvəlindən bəri rəsmi olaraq 55 min ukraynalı hərbçi həlak olub. Bununla yanaşı, minlərlə insan itkin düşmüş hesab olunur, lakin onların dəqiq sayı açıqlanmır.
Rusiya tərəfi isə öz itkiləri ilə bağlı rəsmi statistika paylaşmır. Açıq mənbələr və müstəqil hesablamalara əsasən, Rusiya ordusunun itkilərinin 200 mindən çox olduğu, onlardan təxminən 165 mininin şəxsiyyətinin müəyyən edildiyi bildirilir. Moskva bu məlumatları dövlət sirri hesab etdiyi üçün rəsmi təsdiq vermir.
Müşahidəçilərin fikrincə, hər iki tərəfdə artan itkilər danışıqları sürətləndirmək üçün obyektiv motivasiya yaratsa da, eyni zamanda tərəflərin maksimum siyasi nəticə əldə etmək istəyini də gücləndirir. Bu isə Əbu-Dabidə aparılan prosesin niyə bu qədər mürəkkəb və ziddiyyətli olduğunu izah edir.