Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Səməd müəllim, müasir dünya tarixində Azərbaycan nadir ölkələrdəndir ki, ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi. Eyni zamanda müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Beləliklə, Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi. Amma buna baxmayaraq, keçirilən məhkəmə prosesi ilə bağlı Azərbaycana xaricdən əsassız siyasi təzyiqlər var idi. Bu kimi təzyiqlərin məqsədi nə idi?
- Əslində Azərbaycan beynəlxalq ictimaiyyətin görəcəyi işi özü ən yüksək səviyyədə həyata keçirdi. Bu heç də birinci dəfə deyil. Çünki beynəlxalq qanunlar Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı tələbləri ortaya qoysa da, onun icrası təmin edilməmişdi. Bunun reallaşmasının qarşısı erməni lobbisi, revanşist qüvvələr və Azərbaycanın müstəqilliyinə qarşı çıxan bəzi mərkəzlər tərəfindən həmişə alınırdı. Bu xüsusda BMT, Avropa Şurası, Avropa İttifaqının çıxarmış olduğu qətnamələri qeyd etmək olar. Amma reallıq o idi ki, sözdə ərazi bütövlüyünü tanıyan beynəlxalq təşkilatlar özlərinin çıxarmış olduqları qətnamələri belə yerinə yetirmirdilər.

Hazırda də təxmini olaraq eyni proses müşahidə edilir. Faktiki olaraq, beynəlxalq səviyyədə hərbi cinayətləri törətmiş insanlar qınaq obyektinə çevrilməlidir. Bakıda gedən məhkəmə prosesi bu mənada ədalətin təntənəsi kimi dünya birliyi tərəfindən qəbul olunmalıdır. Lakin həmin o beynəlxalq təşkilatların içərisində bu cinayətləri törədən şəxslərə “müdafiə kampaniyası” təşkil olunur. Hətta onlara hansısa səviyyədə bəraət qazandırılması kimi məsələlər gündəmə gətirilir.
- Sizcə, bunlar nəyə görə edilir? Cinayətləri sübuta yetirilmiş şəxslərin açıq şəkildə müdafiə edilməsi beynəlxalq hüquq müstəvisində necə şərh oluna bilər?
- II Dünya müharibəsinin gedişində də insanlığa qarşı həyata keçirilmiş hərbi cinayətlər sonradan hüquqi səviyyədə öz layiq olduğu qiyməti aldı. Ona görə də, Azərbaycanda hazırda mühakimə edilən hərbi canilər əslində elə ədalətin təntənəsidir. Çünki sonrakı proseslər göstərdi ki, erməni separatizminin, revanşizminin kökü tam şəkildə kəsilməyib. Lobbi və Ermənistanın daxilində olan, onun keçmiş rəhbərləri arasında, onların revanşist ideyalarına dəstək verən ölkələr tərəfindən bu məsələ saxlanılırdı. Məhz bu qüvvələrin vasitəsi ilə yenə də köhnə, ədalətsiz, Azərbaycana qarşı olan narrativlər gündəmə gətirilir.

Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, xalqımızın iradəsi və ordusunun gücü əsasında həll edib birdəfəlik köhnə narrativlərə son qoyduğu halda Ermənistanın, onun diasporunun, Qafqazda ağalıq iddiasında olanların adları hələ də tarixin kirli səhifələrindən silinməyib. Əksinə olaraq, bu qüvvələr Ermənistanda hazırda hakimiyyətdə olan Baş nazir Nikol Paşinyan və onun ətrafında olan insanlara qarşı, xaricdə isə beynəlxalq təşkilatlar içərisində erməni lobbisinin dəstəyi və köməyi əsasında qəbul edilmiş “qətnamələr”, müxtəlif siyasətçilərə qarşı hədə qorxu kampaniyası davam edir. Eyni zamanda Cənubi Qafqazda özlərinin məkirli niyyətlərini həyata keçirmək imkanı olmadıqları halda, Azərbaycan tərəfindən proseslərdən kənarlaşdırılmış qüvvələr yenə də bu regiona nüfuz etmək üçün bu “kartdan” yararlanmaq istəyir. Bunun səbəbi bundan ibarətdir.
- Bakıdakı hərbi canilərin məhkəmə prosesinə hansı halda birmənalı yanaşmanın olması mümkün ola bilərdi?
- Reallıqda ədalətli məhkəmənin gedişi beynəlxalq müstəvidə yüksək səviyyədə dəstəklənməli idi. Buna sözsüz ki, dəstək də mövcuddur. Amma onun qarşısını alan qüvvələr məhz bu niyyətlərinə və digər problemlərə görə hələ də “iş” aparırlar. Sözsüz ki, bütün bunlara qarşı Azərbaycanın gücü, böyüklüyü, qüdrəti imkan verir ki, ədalət mühakiməsinin təntənəsini görmək mümkün olsun. Beləliklə, Azərbaycana xalqına qarşı uzun on illər cinayətlər törətmiş şəxslərin layiq olduqları cəzaları alması heç kəsdə qəti şübhə doğurmamalıdır.