Qədir Rüstəmovun xanımı onu narahat edən mövzudan danışdı:  “İstəməzdim ki, bu qalmaqala səbəb olsun, hamı bilsin ki...” - ARAŞDIRMA+ÖZƏL
422
11:45, Bu gün

Qədir Rüstəmovun xanımı onu narahat edən mövzudan danışdı:  “İstəməzdim ki, bu qalmaqala səbəb olsun, hamı bilsin ki...” - ARAŞDIRMA+ÖZƏL

O Ağdam muğam məktəbinin ən layiqli davamçısı idi. Özünəməxsus üslubu, fərqli dəst-xətti ilə seçilən xanəndənin səsindəki üsyan sanki doğma torpağı Ağdamın işğalına bir çağırış idi.. Yurd-yuvasından didərgin düşən insanlar onun səsi ilə təsəlli tapıb, yaşayırdılar... Qarabağ avazlı, muğam sənətinin sütunlarından biri və ən əsası “Sona bülbüllər” mahnısını böyük əsər səviyyəsinə qaldıran BÖYÜK sənətkar idi Qədir Rüstəmov... 
 
Görkəmli sənətkar, muğam ustadı Arif Babayev hələ ölümündən bir müddət əvvəl saytımıza verdiyi müsahibəsində Qədir Rüstəmov sənətini bir cümlə ilə ifadə etmişdi:
 
“Qədir hamı kimi oxuya bilirdi, amma heç kim Qədir kimi oxuya bilmirdi...”
 
O daha sonra fikirlərinə əlavə edərək bildirmişdi ki, onun tələbəsi Mustafa Mustafayev Qədir Rüstəmovu yamsılayıb:
 
“Qədir tarixdə qalan sənətkardır. Onun mahnıları qalacaq, yaşayacaq. Xalqımız, xanəndələrimiz onun səsini eşidəcək. Onun oxuduğu mahnılar sanki bir çağırışdır. Onun kimi sevilən az sənətkarlar var.. Mustafa onu yamsılamışdı.. Bu gün də onun kimi oxuyur. İlk tələbəm idi ki, ona kimisə yamsılamağı tövsiyyə edirdim. Qədiri yamsılamaq olardı.. Böyük sənətkarlar da yamsılamaq istəyirdi, bəzi hallarda alınmırdı da. Onun sənəti böyük idi, bir çoxlarına hətta çatmırdı da.. Onlar Qədirin bir mahnısını da oxuya bilməzdilər” deyə fikirlərinə əlavə etmişdi Arif Babayev.
 
Sənət aləmində çox nadir hallarda sənətkarlar olardı ki, oxuduğu mahnıya şair və yazıçılar müraicət edərək, saysız-hesabsız poema və şeir yazsınlar. Bu xoşbəxtlik də məhz Qədirə qismət olmuşdu.. “Sona bülbüllər” onun vizit kartına, xalqımızın isə çox sevdiyi, hər an zümzümə etdiyi əsərə çevrildi.
 
Sənətkarın xanımı Fatma Rüstəmova Moderator.az-a açıqlamasında onu son günlər narahat edən mövzu haqda danışıb. O illərdir ürəyində sir kimi saxladığı, mətbuata düşməyini arzulamadığı bəzi nüansları istəmədən jurnalistlərlə “bölüşüb”.. Əslində isə məsələ belə olub:
“Son günlər verdiyim müsahibə ilə bağlı jurnalistlər gündə demək olar ki, mənə zəng edir. Mövzunun bu dərəcədə qabardılmasının əlbəttə ki, əleyhinə idim. Jurnalistlə sözgəlişi səmimi söhbət etdim və bildirdim ki, Qədir müəllimin mahnılarını Əlibaba Məmmədov sildirib. Əslində bu mövzunu yazmaq üçün yox, sadəcə jurnalistin məsələdən xəbərinin olmağı üçün danışdım. Çünki onun zapisləri haqda mənə sual verirdi.. Arzulamazdım ki, bu mövzu mətbuata düşsün. Mən bilmədiyim sözü heç vaxt danışmaram. Qalmaqalı sevmirəm, tamamilə uzağam.  Amma madam ki, ad çəkmişəm və bu mətbuata düşüb açıqlama verməyi özümə borc bilirəm. Əlibaba Məmmədovun sənətinə də, özünə də, qızlarına da hər zaman hörmətim olub. Biz o vaxt Ağdamda yaşayırdıq. Mən hələ 70-ci, 80-ci illərdən danışıram. Aztv-dən Qədir müəllim vaxt alırdı.. Növbəyə yazılırdı, 1 aydan sonra onu çağırırdılar. Bakıya gəlib məşq edirdi, boğazını gözləyirdi, muğamlar və mahnılar öyrənirdi ki, gəlib zapis etsin. Evi yox, otellərdə qala-qala min bir əziyyətlə zapislər edirdi.. Aztv-də işləyənlər bilirdi ki, Qədir müəllim nə çətinliklərlə ora gəlib-gedirdi.. 17 mahnı yazdırıb, amma heç biri də qalmayıb. Bircə dəfə televiziyada verilib, ikinci dəfə yoxa çıxıb. “Gərək günəş dağları aşıb sönməyəydi”, “Axşam oldu neyləyim?”, “Sən getdin” və s.. mahnılarından biri də qalmayıb. O vaxt Əlibaba müəllim senzurada otururdu.. Qədir gəlirdi Ağdama.. Mahnıları bir dəfə efirdə gedirdi, sonra yoxa çıxırdı. Soraqlayırdıq, kanalın özündən Qədirə deyirdilər ki, Əlibaba müəllim silir, istəmir oxuyasan. Hətta bir dəfə Qədir kanalın qarşısında Əlibaba müəllimin qabağını kəsərək soruşub ki, mənim mahnılarımı niyə sildirirsən?! O da deyib ki, “yaxşı edirəm, mən nə qədər ki, burdayam səni bura həsrət qoyacam”. Özü bu sözü Qədirin üzünə deyib. Bunu çox adam bilir.. Qədir ölənə qədər danışırdı.. Halbuki Qədir Əlibaba müəllimin mahnısını da oxuyub, oğlunun toyunda da iştirak edib. Bu nə nifrət idisə bilmirəm?!. Qədir müəllimi təqlid edən Mustafa Mustafayev var. O Muğam müsabiqəsində ifa edirdi.. Qədir müəllim özü də ona dəstək vermək üçün ora gedirdi.. Əlibaba müəllim münsiflər heyətində otururdu və canlı veriliş efirə gedə-gedə Mustafanın üstünə qışqırırdı ki, “nə var, nə Qədir kimi ulayırsan?”. O heç vaxt Mustafaya bal vermirdi.. Niyə Əlibaba Məmmədov kimi oxusunlar, Arif Babayev kimi oxusunlar, Süleyman Abdullayev kimi oxusunlar, amma Qədir Rüstəmov kimi oxumasınlar?! Bu kişinin Qədirə qarşı nifrəti göz qabağında idi. Qədir müəllim rəhmətə getdi. Onun yasında uşaqdan-böyüyə qədər 10 min adam iştirak etdi, Əlibaba müəllim yasa gəlmədi.. Niyə sevmirdi onu bilmirəm?! İki nəfərin Qədirə nifrəti var idi. Biri Əlibaba müəllim idi, biri də Habil Əliyev! Allah hər birinə rəhmət etsin! Qədir özü deyirdi bunları mənə... Təkcə mənə yox, hamıya danışırdı. O vaxt hörmət əlaməti olaraq Qədir Əlibaba müəllimi toya çağırdı, heç gəlmədi də. Mən deməmişəm ki, Əlibaba müəllim Qədirə paxıllıq edib. Burada paxıllıqdan söhbət gedə bilməz. Mən Əlibaba müəllimin sənətinə bir söz deməmişəm ki.. Qədir müəllimə dövlətimiz, dövlət başçılarımız zamanında qiymət veriblər. Qədir müəllimin bir “Sona bülbülləri”-nə 300 şeir və poema yazılıb.. Qədir Rüstəmovun 90 illik yubileyidir və heç vaxt onun adını hansısa qalmaqallarda gündəmə gətirməmişik. Bu söz-söhbətlərlə gündəmə gəlmək istəməzdik və mətbuat nümayəndələrindən də sizin vasitənizlə xahiş etmək istəyirəm ki, bu mövzu ilə bağlı bizə müraciət etməsinlər”, - deyə sənətkarın xanımı bildirib.
 
Məlum mövzuya münasibət bildirən xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli saytımıza bunları deyib:
 
“Söz ağızdan çıxdısa sənin deyil” deyirlər.. Sözün yükü ağırdır. Ona görə də müsahibə verərkən diqqətli olmaq lazımdır. Xüsusilə də böyük sənətkarlar haqda danışanda.. Əlibaba Məmmədov da, Qədir Rüstəmov da öz dövrünün sayılıb-seçilən xanəndələri olublar.. Atam heç kəsin arxasınca danışmayıb. Hətta bu günlərdə atamın tiktokda bir videosu qarşıma çıxdı.. Orada Qədir Rüstəmovu bir tərifləyirdi ki... O bütün sənət yoldaşlarına yaxşı münasibət bəsləyib.. Atam bu davranışı ilə fəxr edirdi. Mənim də onların ailəsinə böyük hörmətim var. Əlbəttə ki, heç birimiz istəməzdik ki, belə mövzuları mətbuata danışaq. Nə efirlərdə görünən adam deyiləm, nə də istəmirəm ki, adım belə mövzularda hallansın. Oturmuşam, heç kimdə işim yoxdur. Jurnalistlər düzgünlüyü, şəffaflığı göstərməlidir, dünyasını dəyişən sənətkarlar haqda nəsə deyiblərsə belə onu yaymaq, yazmaq olmaz”, - deyə Əlibaba Məmmədovun qızı bildirib.
 
Sənət aləmində söz-söhbətlər, intriqalar hər zaman olub və olacaq.. Bunlar elə pərdəarxasında qalsa yaxşıdır. Bu mövzulardan o vaxt danışılır ki, artıq sənətdən danışmağa bir şey tapılmır.. Amma Əlibaba Məmmədovun da, Qədir Rüstəmovun da sənətindən danışılası çox şeylər var hələ.. Görkəmli sənətkarların qədrini bilməliyik. Bu iki dahi sənətkarın həyat və yaradıcılığı jurnalistlər üçün qalmaqal obyekti yox, musiqişünaslar və musiqi nəzəriyyəçiləri üçün böyük bir mövzu olmalıdır! Ruhlarınız şad olsun!
Link kopyalandı!
Son xəbərlər